AZ   |   RU
Məhkəmələrdə inzibati mübahisələrə dair işlərin sayı artıb

Azərbaycan məhkəmələrində inzibati mübahisələrə dair işlər kəskin artıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ali Məhkəmənin inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair apardığı ümumiləşdirmədə qeyd olunub.

Məlumatda deyilir ki, inzibati məhkəmə icraatı sahəsində aparılmış təhlillər göstərir ki, inzibati mübahisələrə baxan hər üç məhkəmə instansiyasında iş yükü ildən-ilə artmaqda davam edir. Belə ki, 2022-ci il ərzində ölkə üzrə inzibati məhkəmələrin icraatında ümumilikdə 31046 iş olmuşdur. Həmin göstəricinin 2021-ci il üzrə 23313 iş təşkil etməsi nəzərə alınsa, müvafiq müqayisə aparılmaqla inzibati məhkəmələrin icraatında olan işlərin sayında kəskin yüksələn tendensiya müşahidə edilir, belə ki, iş sayı əvvəlki illə müqayisədə 33,1% artıb.

Oxşar vəziyyət yuxarı instansiya məhkəmələrində də mövcuddur. Belə ki, 2022-ci il ərzində respublika üzrə apellyasiya instansiyası məhkəmələrinin icraatında ümumilikdə 6800 iş olmuş, bu rəqəm 2021-ci ildə 6345 olmaqla apellyasiya icraatlarının sayının əvvəlki illə müqayisədə 7,2% artdığını göstərir. Digər tərəfdən, Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında 2020-ci ildə cəmi 2893 inzibati mübahisə, 2021-ci ildə isə 2789 inzibati mübahisə olmuşdur. Müvafiq göstəricilərin müqayisəli təhlili onu göstərir ki, əvvəlki il üzrə kassasiya icraatında olan iş sayına nisbətən 2022-ci il ərzində iş sayı 3,7% artıb.

Xüsusilə qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasına 2023-cü ilin I rübündə daxil olan iş sayı ötən il ilə müqayisədə kəskin artmışdır. Belə ki, ötən ilin I rübündə 473 kassasiya şikayəti daxil olduğu halda, bu rəqəm hazırkı ilin I rübündə 757 olmaqla, 60%-dən çox artmışdır. Məhkəmələrdə iş yükünün artması məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə təşkil edir, hakimlərin həddən artıq işlə yüklənməsinə səbəb olmaqla son nəticədə ümumən ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə təsir edir. Belə ki, hər bir işin öyrənilməsinə sərf olunan vaxtın azalması ilə keyfiyyətli məhkəmə araşdırmasının riskə atılması təhlükəsi yaranır. İş yükü həm də ümumən məhkəmə xərclərinin artmasına və əlavə dövlət vəsaitinin xərclənməsinə gətirib çıxarır.

İnzibati mübahisələr üzrə iş yükünün artması bir tərəfdən hüquqların məhkəmə müdafiəsi mexanizmlərinin işlək olması və məhkəmələrə olan etimadın artması ilə bağlıdır. Digər tərəfdən isə işlər üzrə aparılmış təhlillər onu deməyə əsas verir ki, inzibati orqanlar fəaliyyətlərində “İnzibati icraat haqqında” Qanunun normalarını rəhbər tutmurlar, eyni zamanda formalaşmış məhkəmə təcrübəsi inzibati orqanlar tərəfindən nəzərə alınmamaqla formal şikayətlərin verilməsi təcrübəsi davam edir.



  • 18-05-2023, 16:22