AZ   |   RU
Naxçıvanda müəllimlərin musiqi təhsili müəssisələrinə işə qəbulu qaydası dəyişib


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nı yeni redaksiyada təsdiqləyib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu sahəsində Naxçıvan Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın səlahiyyəti ləğv olunub, müəllimlərin işə qəbulu qaydaları dəyişib.

Əgər indiyə qədər müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilirdisə, artıq işə qəbul Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Qərara əsasən, müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibi Mərkəz tərəfindən təsdiq edilir.

İndiyə qədər Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılıbsa, artıq müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılacaq.

İndiyə qədər olduğu kimi bundan sonra da Müsahibədə 12 və ya daha çox bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılır və imtahan nəticələri Nazirliyə təqdim olunur. Müsahibə mərhələsində ən yüksək bal toplamış namizəd müvafiq vəzifəyə təyin olunacaq.

Yeni qərara əsasən, qiymətləndirilməyə müəssisələrdə əsas iş yeri olaraq daimi əmək müqaviləsi əsasında işləyən müəllimlər və tam ştat vəzifə üzrə çalışan pedaqoji işçilər cəlb olunacaqlar. Əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli qaydada ləğv edilməsi qadağan edilən, mədəniyyət sahəsində fəxri adı olan, habelə qiymətləndirilmə keçirilən tədris ilinin əvvəlinə pensiya yaşına 3 il və daha az qalmış müəllimlər qiymətləndirilməyə cəlb olunmayacaqlar. İndiyə qədər qüvvədə olan qərarda belə istisna hal nəzərdə tutulmamışdı.

İndiyə qədər müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılıb. Yeni qaydada bu ixtisasla bağlı istisna ləğv olunub.

1 iyul 2021-ci il tarixədək dövlət musiqi təhsili müəssisələrində müəllim vəzifəsində işləyən orta təhsilli şəxslər müvafiq qiymətləndirilmə aparılmaqla, həmin müəssisələrdə müəllim vəzifəsində işləyən və pensiya yaşına çatmasına ən çoxu 3 il qalan şəxslər isə müvafiq qiymətləndirilmə aparılmadan tutduqları vəzifələr üzrə ixtisaslı kadrlar təyin olunanadək müddətli əmək müqaviləsi əsasında əmək fəaliyyətlərini davam etdirəcəklər.

Bu müddəanın birinci hissəsində göstərilən müəllimlər müəssisələrdə işlədiyi dövrdə ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunarsa, onlar ali və ya orta ixtisas təhsilini başa vuranadək əmək fəaliyyətini davam etdirəcəklər.

  • 27-01-2023, 22:45