AZ   |   RU
Yuxular və real həyat- ESSE

Gördüyümüz yuxular yaşadıqlarımızın əksidirmi?

Fransız yazıçı və dramaturqu Erik Emmanuel Şmitt  “Bağdaddan Uliss” kitabında yazırdı: “İnsanı yuxuya aparan yuxular da var, onu yatmağa qoymayanlar da”.


Yuxu sehrli bir aləmdir. Onun həyatımızda mühüm rol oynadığı da danılmaz bir həqiqətdir. 
Hər insanın təbii ehtiyacı olan yuxu elə zehnin düşüncə və xəyallarından ibarətdir. Yuxunu görən şəxs doğrudan da bu xəyal aləmində yaşadığını düşünür. 

Qədim yunan filosofu Heraklın yuxu haqqında məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya var, yuxuda olanların isə hər birinin ayrı aləmi. Onun içində hey fırlanarlar... "

Yaşadığımız dünyada bacarmadığımız şeyləri, həmin sehrli aləmdə edə bilirik. Məsələn uçuruq. Bəzən yuxu xəyallarla o qədər qarışır ki, hadisələrin süjet xəttinə hətta özümüz müdaxilə edirik... 

Bəs, yuxumuza mane olan yuxular hansılardır? Əslində izahını müxtəlif formalarda söyləmək mümkündür. Elə yuxular var ki, istər müsbət, istərsə də mənfi mənada bizə çox təsir edir. Nəticədə isə biz yenidən yata bilmirik. 

Bəzi insanlar isə yuxu pozğunluğundan əziyyət çəkdiyinə görə düzgün yata bilmir və gördüyü yuxuların ləzzətini ala bilmir. Gözəl yuxu görəndə heç oyanmaq istəmirik. Əziz oxucu, əminəm səndə də bu cür hallar olur. Həmin gözəlliyin real aləmlə o qədər bağlılığı var ki... 

Şübhəsiz çoxunuz hər gecə dua edərək, ümidlərlə yuxuya gedirsiniz. Gerçəkləşməsini istədiyiniz arzularla... Bütün qəlbimizlə Tanrını səsləyərək, gözlərimiz dolaraq. İlahi, insan necə də səmimi olur. 

Sevinclə səhər gözümüzü açırıq, onun verdiyi xoşbəxtliyi yaşayırıq. Böyük ümidlərlə, saf inamla gözləyirik. Tanrı yuxularımız reallaşana qədər yolumuza işıq saçır, istiqamət verir. 

Yuxular heç də boş, təsadüf deyil. Çünki, onu görməyi özümüz arzulayırıq . O Tanrının hədiyyəsi, görülən mənfi yuxular isə inancımızı sınamaq istəyidir. 

Həmin sehrli aləm real həyatımıza yad deyil. Əsas məsələ, həmin qaranlıqda əl açaraq, dualarınızı sanki bir bəzəkli qutuya qoyub göndərməyinizdədir.

Yuxunuz şirin olsun…

Zərintac Mayisqızı
Missiya.Az 





  • 15-11-2022, 18:38