AZ   |   RU
Ordumuzun uğurlu əməliyyatları və Paşinyanın çaş-baş vəziyyəti - Halqa daralır


Ermənistan baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib ki, İrəvan Qarabağa heç bir hərbi yükdaşıma həyata keçirmir. Bundan əlavə Paşinyan Azərbaycan ordusunun Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olduğunu da qeyd edib. Paşinyanın Ermənistan Qarabağa heç bir hərbi yükdaşıma həyata keçirmir deməsi əlbəttə ki, həqiqətə uyğun deyil. Çünki Ermənistanın Rusiya sülhməramlı qüvvələrinin nəzarəti ilə dəfələrlə Qarabağda yerləşən separatçılara silah-sursat daşıdığının şahidi olmuşuq. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi videomateriallar da təqdim edib. Hətta Azərbaycan prezidenti İlham Əliyev də çıxışlarında Ermənistanın Qarabağa silah sursat daşımasını izlədiklərini dəfələrlə qeyd edib.

Əslində Paşinyanın bu cür  yalan danışmasının arxasında Azərbaycan ordusunun son günlər həyata keçirtdiyi uğurlu əməliyyatlar dayanır. Bu cür əməliyyatlar həyata keçirildikcə Paşinyan erməni cəmiyyətindən yaxasını qurtarmaq üçün hər yola əl atmağa məcbur olacaq. Paşinyan Ermənistan Qarabağa heç bir hərbi yükdaşıma həyata keçirmir deməsilə bir tərəfdən də mesaj verir ki, bunu mən yox Rusiya sülhməramlıları həyata keçirir. Və bununla da Paşinyan bütün məsuliyyəti Moskvanın üzərinə atmaqla öz yaxasını qurtarmağa çalışır. Paşinyanın Azərbaycan ordusu Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olub kimi absurd fikri də onun məsuliyyətdən yaxasını qurtarmağa hesablanıb.

Paşinyan bu cür ifadə işlətməklə digər tərəfdən də Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq istəyir. Ancaq deyəsən erməni baş nazir anlamır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və burada əsas söz sahibi də Bakıdır. Görünən odur ki, ordumuzun son günlər həyata keçirtdiyi uğurlu əməliyyatlar qarşısında aciz vəziyyətə düşən Ermənistan baş naziri çaş-baş vəziyyətdədir. Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırmaqla və Qarabağla bağlı hiyləsindən əl çəkmədiyi müddətcə rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq bütün mümkün vasitələrdən istifadə edəcək. Ermənistan baş nazirinin9 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl etməməsi sözsüz ki, ona uğurlu perspektiv vəd eləmir.

Azərbaycan ordusu bölgədə əbədi sülhün təmin edilməsi naminə bundan sonra da bütün tapşırıqları həyata keçirəcək. Zatən Xankəndi ətrafında halqa tamamilə daralıb və yaxın dövrdə tamamilə qapanacaq.

Daşqın Həsənov
Missiya.Az



  • 30-03-2023, 13:44