
Mütəxəssislər tez-tez antibiotiklərlə bağlı həyəcan təbili çalır. Bir çox problemlərin aradan qaldırılmasında bu dərman effektiv olsa da, bəzi xəstəliklərdə əks təsir göstərir. Antibiotiklərin nə zaman və hansı dozada istifadəsi həkim tərəfindən yazılmalıdır. Lakin əksər şəxslər özləri gedib apteklərdən alırlar. Özlərinə yaxşılıq etdiklərini düşünərkən, onları gözləyən mənfi nəticələrdən xəbərsizdirlər.
Səhiyyə Nazirliyinin həkim-eksperti Zakir Quliyev Missiya.Az-a açıqlamasında deyib ki, antibiotiklərin istifadəsində artım müşahidə edilir:
“Unutmayaq ki, antibiotiklər bakteriyaları öldürən dərman qruplarıdır. Ona görə həmin dərmanların virusa, digər mikroorqanizmlərə təsiri yoxdur. Vurğulamaq yerinə düşər ki, infeksion xəstəliklərinin çoxunun səbəbi virus mənşəli xəstəlikləridir. Antibiotik qəbul etdiyimizdə biz bunu sağaltmaq əvəzinə əksinə daha da gecikdiririk, ya da ağırlaşdırırıq. Ona görə həkim nəzarəti və təyinatı olmadan antibiotik istifadəsi qəti şəkildə yolverilməzdir”.

Həkim əlavə edib ki, bəzi şəxslər böyrək funksiyalarının nə yerdə olduğunu bilmədən adı çəkilən dərmanı qəbul edir:
“Həmin səbəbdən mütəxəssislər dərman yazarkən öncə böyrək və qaraciyər funksiyalarına diqqət yetirməlidirlər. Sözügedən dərmanlar böyrək, qaraciyər çatışmazlığına qədər gətirib çıxara bilər. Həmçinin mədə-bağırsaqda da ciddi sıxıntılar meydana çıxır. Belə ki, bağırsaq florasının pozulması ilə də nəticələnir. Antibiotiklər bakteriyalarla mübarizədə ən yaxın silahdaşımız olsa da, lakin yanlış qəbul bu silahı bizim özümüzə yönəldir”.
Zərintac Mayisqızı
Missiya.Az