AZ   |   RU
Azərbaycan Ordusu mülki əhaliyə atəş açmır - Qarabağ ermənilərindən etiraf

 

Martın 25-də erməni terrorçularının törətdikləri təxribata cavab olaraq Azərbaycan Ordusunun Xankəndi-Turşsu yolunu nəzarətə götürməsindən sonra separatçıların yaydığı dezinformasiyada Xankəndi ilə əlaqəsi kəsilən kəndlərdə guya humanitar problemlər yaşandığı qeyd olunub.

Missiya.Az
“Hraparak” erməni nəşrinə istinadən xəbər verir ki, ermənilərin Mets Şen adlandırdıqları Ulu Qarabəy kəndinin sakinləri separatçıların yalanlarını ifşa ediblər.

Kənd icmasının rəhbəri hesab edilən Davit Davidyanın sözlərinə görə, bu günlərdə Azərbaycan mövqelərinin həm kəndə, həm də əkin sahələrinə kifayət qədər yaxın ərazilərə irəli çəkilməsinə baxmayaraq, sakinlər rahat şəkildə kənd təsərrüfatı işləri ilə məşğuldurlar.

“Mən arıçılıqla məşğulam. Arı pətəklərim Azərbaycan Ordusunun mövqeyindən 500 metr aralıda yerləşir”, - deyən icma başçısı qeyd edir ki, Azərbaycan Ordusunun mülki əhalini hədəfə alması faktı olmayıb.

İcma başçısının sözlərinə görə, kənd sakinləri artıq kartof, soğan, sarımsaq, göyərti əkməyə nail olublar. Kəndin problemlərinə toxunan Davidyan bildirib ki, uzun illərdir suvarma suyu problemi ilə üzləşdiklərinə görə bağların bir hissəsi istifadə olunmur.

Göründüyü kimi Ermənistan mediasının və separatçıların Azərbaycan Ordusunu hədəfə alan dezinformasiyalarını məhz elə sadə erməni kəndliləri ifşa ediblər. Çünki, Azərbaycan vətəndaşları olan Qarabağın erməni əsilli sakinləri uzun illərdir separatçıların girovuna çevriliblər. Məhz elə Davidyanın etirafları bunu sübut edir.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 29-03-2023, 13:15