AZ   |   RU
Qarabağ erməniləri ancaq Bakıya sığınmaqla xilas ola bilərlər - Görüşə mane olan İrəvan anlayır ki, dialoq dərinləşərsə…

Qarabağdakı separatçı  rejimin “Xarici İşlər Nazirliyi” Azərbaycan Prezident Administrasiyasına cavab verib. Martın 28-də yayılan açıqlamada qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə hər hansı görüş Qarabağ ərazisində və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə mümkündür. Prezident Administrasiyası martın 27-də rəsmi məlumat yayaraq bir daha Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini danışığa çağırmış, görüşün aprelin birinci həftəsi paytaxt Bakıda keçirilməsi təklif olunmuşdu.

Xatırladaq ki, Qarabağda yaşayan erməni əhali ilə ilk görüş martın 1-də Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutmuşdu. Həmin görüşdən sonra Azərbaycan Qarabağda yaşayan erməni əhali ilə növbəti görüşün Bakıda keçirilməsini təklif etməsinə baxmayaraq, qarşı tərəf buna razılıq verməmişdi.

Buna baxmayaraq, Azərbaycan erməni əhali ilə Bakıda görüşün keçirilməsi üçün yenidən müraciət edib. Ancaq  ermənilər bu görüşdən də imtina ediblər. Əslində Bakıdakı görüşün keçirilməsinə mane olan Ermənistandır. Çünki İrəvan hakimiyyəti anlayır ki, Qarabağda yaşayan ermənilərin  Bakı ilə dialoqu dərinləşərsə, bu halda erməni əhali məhz Azərbaycan bayrağı altına sığınmağa meyillənəcəklər. Ona görə də Ermənistan bu görüşün baş tutmasına hər yolla mane olmağa çalışır.

Ancaq Ermənistan hakimiyyəti gec tez Azərbaycan tərəfinin təklifləri ilə razılaşmalı olacaq.  Qarabağda Azərbycan ordusunun son keçirdiyi əməliyyatlar da bunu deməyə əsas verir. Həmin əməliyyatlar nəticəsində ordumuz bir sıra vacib yolları öz nəzarətinə götürməklə Qarabağdakı separatçılara daşınan silahlarının yolunu bağlamış oldu. Və bu əməliyyatlar göstərdi ki, Azərbaycan ordusu istənilən vaxtı Qarabağda erməni separatçılarına qarşı anti-terror əməliyyatlarını icra etməyə hazırdır. Çünki Bakı erməni separatçılarının bölgədən çıxarılması ilə bağlı İrəvanı dəfələrlə xəbərdar etməsinə baxmayaraq, 2 ildən çoxdur ki, Ermənistan heç bir addım atmayıb. Ermənistanın Bakının tələblərinin icra olunmaması  isə Qarabağda anti-terror əməliyyatlarının keçirilməsini qaçılmaz edir.

Azərbaycan ordusunun son keçirdiyi əməliyyatlar bir tərəfdən də göstərdi ki, bölgədə yaşayan erməni əhalisinə hansısa güclərin nə cür vədlər verməsinə baxmayaraq, burada əsas söz sahibi Azərbaycandır.

Bakıda erməni əhali ilə görüşlərin aparılmasında Qərb də maraqlıdır. Qərbin istəyi Qarabağda yaşayan erməni əhali ilə dialoq və təmasların aparalımasıdır. Əslində qarşı tərəfin bu cür görüşlərdən imtina etməsi Azərbaycanın əlini gücləndirmiş olur. Çünki rəsmi Bakı bununla da Qərbə göstərmiş oluruq ki, erməni əhali ilə dialoqun aparılmasında maraqlı olmasına baxmayaraq, qarşı tərəf  buna müsbət reaksiya göstərmir.

Daşqın Həsənov
Missiya.Az



  • 29-03-2023, 11:10