AZ   |   RU
Kanada mətbuatı Azərbaycan və İranda qadın hüquqlarını müqayisə edən məqalə dərc edib

 

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Azərbaycan qadınlarının vəziyyəti İran qadınlarının acınacaqlı vəziyyətini işıq illəri ilə qabaqlayır” sərlövhəli məqalə dərc olunub.


Diasporla İş üzrə Dövlət Komitəsindən Missiya.Az-a verilən məlumata görə, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, İranda 8 Mart - Beynəlxalq Qadınlar Gününə alternativ olaraq İslam peyğəmbərinin qızı Fatimənin doğum gününə təsadüf edən yanvarın 13-nü qeyd edirlər. Belə ki, Tehran mollalarının nəzərində dindar və itaətkar qadın bütün qadınlara örnək olmalıdır. Bununla belə, İslam tarixində özünəməxsus yeri olan şəxs kimi Fatimənin də ehtiramla yad edildiyi Azərbaycanda 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi uzunmüddətli ənənədir. Çünki Azərbaycan qadın hüquqlarına gəldikdə İranı işıq illəri ilə qabaqlayır.


Eyni zamanda, qeyd olunub ki, İran İslam Respublikasında 22 yaşlı Məhsa Əmini və saysız-hesabsız digər qızların hicabı düzgün geyinmədikləri üçün öldürülməsi bu ölkədə kütləvi etiraz hərəkatına səbəb olduğu halda, Azərbaycanda qadınlar geyim seçimində tam sərbəstdirlər. Habelə İran parlamentinin cəmi altı faizinin qadınlardan ibarət olması sözügedən ölkənin siyasi gələcəyində qadınları söz sahibi olmaqdan məhrum etdiyi halda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Azərbaycan Milli Məclisinin sədri zərif cinsin nümayəndələridir. Ümumilikdə Azərbaycan parlamentinin 18 faizini qadınlar təşkil edir ki, bu rəqəm qonşu İranla müqayisədə üç dəfə böyükdür.


Məqalədə diqqətə çatdırılıb ki, keçən ilin dekabrında İran BMT-nin Qadınlar Komissiyasından 29 səs çoxluğu ilə kənarlaşdırılıb. Bu, BMT-nin 10-14 yaşarası qızların nikaha daxil olması, məişət zorakılığından zəif qorunma və qadınlar üçün hüquqi muxtariyyətin olmaması səbəbindən iranlı qadın və qızlara "ikinci dərəcəli vətəndaş kimi" münasibət göstərildiyinin qeyd olunduğu hesabatın dərc olunmasından sonra baş verib.


Qeyd edilib ki, çoxarvadlılığın, habelə sərbəst hərəkət, nikah və mülkiyyət hüquqlarında qadınlara münasibətdə diskriminasiyanın qanuniləşdirildiyi İrandan fərqli olaraq, Azərbaycanda poliqamiya qanunla qadağan edilib, sözügedən digər məsələlərdə ölkəmizdə zərif cinsin nümayəndələri 1918-ci ildən etibarən kişilərlə bərabər hüquqlardan faydalanırlar. Müəllif bu mənada Azərbaycanın qadın hüquqları baxımından İranı işıq illəri ilə qabaqladığını bir daha vurğulayıb.


Məqalənin sonunda İran qadınlarının Tehrandakı molla rejiminin zülmündən qurtulacağına ümid bəslədiyini bildirən israilli politoloq Cənubi Azərbaycanın istiqlala qovuşacağına və bu qəddar, barbar rejimin insanlığa qarşı törətdiyi cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verəcəyinə dərin inamını ifadə edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 10-03-2023, 17:26