AZ   |   RU
"Xain cinayət Azərbaycan dövlətçiliyinə qarşı qəsddir" - Əli Hüseynli


Martın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. 


Milli Məclisdən Missiya.Az-a verilən məlumata görə, iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə keçməzdən öncə martın 28-də Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafaya qarşı  terror aktının törədilməsi ilə bağlı fikirlərini bölüşüb.


 Birinci vitse-spiker faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıldığını və əməliyyat-istintaq tədbirləri həyata keçirildiyini diqqətə çatdırıb. O, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi adından bu terror hadisəsini hiddətlə qınadıqlarını bildirib və bu xain cinayəti hüquqi, demokratik və dünyəvi idarəetmə modelinin unikal vəhdətini yaratmış Azərbaycan dövlətçiliyinə qarşı qəsd kimi dəyərləndirib.


Sonra gündəliyi təqdim edən komitə sədri birinci məsələnin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib. Birinci vitse-spiker “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təsis edilməsini Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə dəyərli bir töhfə kimi yüksək qiymətləndirib. O, yeni təsis olunan medalın təsviri və onunla təltif olunacaq şəxslərin dairəsi haqqında məlumat verib. 


Sonra deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Elşən Musayev, Erkin Qədirli, Azay Quliyev, Əminə Ağazadə, Sabir Hacıyev, Vüqar İskəndərov, Nurlan Həsənov çıxış ediblər. Komitə üzvləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərindən danışıblar, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışını Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil kimi dəyərləndiriblər. Deputatlar “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təsis edilməsini təqdirlə qarşılayıblar və yüksək qiymətləndiriblər. Deputat Fazil Mustafaya xain terror hücumunu qətiyyətlə pisləyən millət vəkilləri həmkarlarının tezliklə sağalmasını və sıralarına qatılmasını diləyiblər.


Komitə üzvləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.Gündəliyin qalan 6 məsələsi ilə bağlı məlumatı da vitse-spiker Əli Hüseynli təqdim edib. 


O, bildirib ki, gündəliyin 2-ci və 3-cü məsələsi - “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkili olunması ilə əlaqədar hazırlanıb. 


Gündəliyin 4-cü, 5-ci məsələləri olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş),  “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsaslarının təkmilləşdirilməsinə xidmət edir. 


Gündəliyin 6-cı məsələsi olan Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, “Notariat  haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) sosial xidmətlərin təkmilləşdirilməsi ilə bağlıdır. 


Sonuncu məsələ olan  İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) layihədə adıçəkilən qanunların “Normativ hüquqi aktlar haqqında”  Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.


Layihələrin müzakirəsində deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Elşən Musayev dəyişikliklərlə bağlı fikirlərini bildirəndən sonra qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Missiya.Az



  • 30-03-2023, 17:43