AZ   |   RU
Pəhviz Şahbazov: “Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq”


Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.

Missiya.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Tviter” hesabında yazıb.

Nazir Budapeştdə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşdüyü qeyd edib.

“Budapeştdə əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik”, - deyə P. Şahbazov bildirib.

Xatırladaq ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan MR-ə təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır, iki ölkənin şirkətlərinin təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri illik 500 milyon, gündəlikisə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.



  • 30-03-2023, 13:20