
Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi. Beləliklə, uzun illərdən sonra separatçıların məskunlaşdığı Xankəndi tədricən düşmən tör-töküntülərindən təmizlənəcək, şəhərdə Azərbaycan Konstitusiyasına uyğun idarəetmə təmin olunacaq.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hələ 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra Xankəndiyə mer təyin olunmaq arzusunda olduğunu söyləmişdi:
“Nə zaman mənim fərmanımı versələr, Xankəndiyə gedib ermənilərlə işləyəcəyəm. Onları müsəlman edəcəyəm. Xankəndidə mer olsam, müavinimi ermənilərdən təyin edəcəm”, - deyə siyasətçi vurğulamışdı.
Hafiz Hacıyevin eyni fikirdə olub-omadığı öyrənmək üçün onunla əlaqə saxladıq. Bununla bağlı Missiya.Az-a açıqlama verən siyasətçi bildirdi ki, bu təklifi irəli sürüb və vətənimizin dar günündə ən çətin yerlərdə Azərbaycan prezidenti İlham Əliyevə kömək etməyə hər zaman hazırdır:
“Bildiyiniz kimi mən 30 ildən artıqdır ki, canımla və qanımla bu dövlətə və dövlətçiliyə xidmət edən adamam. Bu gün də Xankəndi erməni separatçılarından təmizləndi və bayrağımız yaxın günlərdə orada dalğalanacaq. Ora çox çətin bir yerdir. Mən həmişə bunu nəzərə almışam ki, Xankəndidə ermənilərlə işləmək çox çətin olacaq, hər dəqiqə ölümlə üzləşmək təhlükəsi yaranacaq. Orada olan səlahiyyətli nümayəndə hər an təhlükə qarşısında qala bilər. Ona görə də mən öz fikrimdən geri çəkilmək niyyətində deyiləm və cənab prezident üçün canımı və qanımı hər an verməyə hazıram”.
Hafiz Hacıyev qeyd edib ki, əgər dövlə elə çətin bir yerə onu məni məsləhət bilərsə, erməni gülləsinə tuş gəlməyə hazırdır:
“Əlbətdəki ilk dəfə kim ora təyin olunacaqsa həmin insana qarşı ermənilər terror aktı təşkil edə bilərlər. Mmən ölümü gözə alaraq, ora getməyə hazıram. Əgər dövlət başıçısı oradakı dövlətçilik prinsiplərini həyata keçirtmək üçün mənim ölümümü məsləhət biləcəksə, mən buna hər an hazıram. Mən həm də Ermənistanda böyümüşəm və onların dilini yaxşı bilirəm. Xankəndidə mənə qarşı ola biləcək terrora baxmayaraq, vətənim, dövlətim və xalqım üçün ora getməyə hazıram. Bu məqsədlə də heç kim isti kabinet axtarmamalıdır”.
Daşqın Həsənov
Missiya.Az