
“Azərbaycan prezidenti İlham Əliyevin təslim olmaq və amnistiya imkanına dair çağırışını separatçıların ciddiyə almaq istəmədikləri görünür”.
Bu sözləri Missiya.Az-a açıqlamasında politoloq Asif Nərinmanlı deyib. O, bildirib ki, düşmən tərəf gün ərzində verdikləri açıqlamalarda “müstəqil ölkə” olduqlarından danışır, təslim olmayacaqlarını söyləyir və belə görünür ki, “ermənilərə qarşı terror edilir” iddiası ilə beynəlxalq təşkilatlara müraciətləri artırmaq niyyətindədirlər:
“Hərçənd, beynəlxalq səviyyədə qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur. Bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır, əslində president İlham Əliyevin məsələni “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır”.

Siyasi ekspert əlavə edib ki, Müdafiə Nazirliyinin son məlumatları da yaxın vaxtda praktiki addımların atıla biləcəyindən xəbər verir:
“Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Həmçinin, erməni silahlı dəstəsinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar”.
Zərintac Mayisqızı
Missiya.Az