AZ   |   RU
Revanşistlər “Qarabağ Azərbaycandır” deyən Paşinyan hakimiyyətini devirə biləcəkmi? – İlham Əliyevdən onlara müharibə XƏBƏRDARLIĞI

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı ciddi qərarların qəbul edildiyi günlərdə İrəvanda revanşist qrupların aktivləşməsi müşahidə olunur. Ermənistan hakimiyyəti müxalifətin müqavimətinə baxmayaraq, “Qarabağ Azərbaycandır” deməyə davam edir, sülh müqaviləsinin imzalanması ilə bağlı niyyətində israrlı görünür. Rəsmi İrəvanın mövqeyini dəstəkləməyən, əsasən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarlarından ibarət qruplar isə küçə və meydanlarda ixtişaşlar törədir, parlament binasını mühasirəyə alır, ölkənin müxtəlif yerlərində şəhərlərarası yolları bağlayır, Ermənistan hakimiyyətinin istefasını tələb edir. 
 

Erməni cəmiyyətindəki revanşist qrupları aktivləşdirən hansı qüvvələrdir? Onlar siyasi, media və maliyyə dəstəyini haradan alırlar?

 
İrəvan küçələrini qarışdıranlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı olduqlarını açıq şəkildə bəyan edirlər və Bakının 5 şərtini qəbul edib, dialoqa getmək istəyən baş nazir Nikol Paşinyanı “xain” adlandırırlar. Cənubi Qafqazda çoxillik siyasi maraqları olan güclər isə davranışları ilə açıq şəkildə dialoqun tərəfdarı olmadıqlarını bəyan edirlər.  

44 günlük Vətən Müharibəsindən sonra regionda baş verən siyasi və hərbi proseslərdən bəlli olur ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin tərəfdarı olmayan dövlətlərdən biri Rusiyadır. Bunu sübut edən bir çox amillər var. Məsələn, Azərbaycanın icazəsi ilə Qarabağda təhlükəsizliyi təmin etmək üçün yerləşdirilən Rusiya sülhməramlıları açıq təxribatlarla məşğul olurlar, bölgənin separatçılardan təmizlənməsi üçün üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Rusiya qoşunlarının Qarabağdakı təxribatçı davanışları Ermənistandakı mitinqlərin ssenarisinin Kremlin divarları arasında yazıldığı barədə iddiaları gücləndirir. Görünən odur ki, Rusiya regionda sülhün olması proseslərini əldən buraxmaq istəmir və sülhün bərqərar olmasına təsir göstərmək istəyir. Rusiyanın yazdığı ssenarinin əsas icraçıları isə Ermənistandakı revanşistlər və Kremlin nəzarəti altında olan “Ria-Novosti”, “Sputnik Ermənistan” kimi təxribatçı media resurslarıdır.
 
Revanşistlər Ermənistan hakimiyyətini devirmək, sülh müqaviləsinin qarşısını almaq üçün küçələri qarışdırır, Rusiya hakimiyyətinin nəzarətində olan media orqanları isə həmin mitinqləri Kremlin maraqlarına uyğun formada təqdim edir, prosesləri qızışdırmağa çalışır. 

Revanşistlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını ala bilərmi? 
 
Keçmiş Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Cənubi Qafqazdakı hərbi və siyası gərginlik yalnız Ermənistanın əleyhinə olub. Ermənistan geridə qalan 30 il ərzində nə siyasi, nə hərbi, nə də iqtisadi gücə çevrilə bilmədi. 
 
Azərbaycan isə 30 il ərzində Cənubi Qafqazın super gücünə çevrilib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan inkişaf edib. Bundan başqa, bölgədə Azərbaycanın imzası olmadan heç bir transmilli layihə həyata keçirilə bilməz. Hazırda isə Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsi fonunda Cənubi Qafqazda başlayan sülh prosesi Ermənistana da regional layihələrdə iştirak imkanı yaradır. Proseslər göstərir ki, Ermənistan hakimiyyəti də Azərbaycanla sülh müqaviləsi imzalayıb, bölgədə bundan sonra həyata keçiriləcək regional layihələrdə iştirak etmək niyyətindədir.  Digər tərəfdən, mitinqlərdə az sayda vətəndaşın iştirak etməsi, erməni cəmiyyətinin müharibə istəmədiyini, revanşistləri dəstəkləyənlərin çox olmadığını göstərir. Artıq erməni cəmiyyəti reallıqları dərk edir və Azərbaycanın Cənubi Qafqazdakı rolunu qəbul etməyə başlayır. Bu məqamı Ermənistanda keçirilən sorğularda və erməni siyasi xadimlərin, incəsənət nümayəndələrinin, ziyalılarının açıqlamalarında görmək olar. 
 
Həm Ermənistan hakimiyyətinin mövqeyi, həm də erməni cəmiyyətinin dəyişən düşüncə tərzi deməyə əsas verir ki, Azərbaycanla sülh müqaviləsinə qarşı çıxan qüvvələrin heç bir şansı yoxdur və bütün cəhdləri boşa çıxacaq. 
 
Daxildən siyasi dəstək ala bilməyən revanşistlər xarici güclərin maliyyə, siyasi  və ya hərbi dəstəyi ilə Ermənistanda hakimiyyəti dəyişərsə, nə baş verəcək? 
 
Təbii ki, Köçəryan-Sarkisyan cütlüyü Ermənistanda rəhbərliyi yenidən ələ keçirərsə, bu Cənubi Qafqazda sülhə gedən yolun qarşısına atılmış böyük maneə olacaq. Sirr deyil ki, əlləri Azərbaycan xalqının qanına batan Köçəryan-Sarkisyan cütlüyü bölgədə sabitlik pozulmasına, sülh danışıqlarının yubanmasına və sülh gündəliyinin aradan qaldırılmasına çalışır. Onlar bölgədə sülhün tərəfdarı olmadıqlarını gizlətmirlər və xaricdən hərbi, siyasi və maliyyə dəstəyi əldə etməklə, Ermənistanda hakimiyyəti ələ keçirib, Qarabağ ətrafında yeni hərbi oyunlar qurmağa çalışırlar.
 
Proseslər göstərir ki, Azərbaycan tərəfi Ermənistanda baş verə biləcək hakimiyyət dəyişikliyinə hazırlıqlıdır və hakimiyyəti ələ keçirə biləcəyi ehtimal edilən qüvvələrlə necə davranmaq lazım olduğunu da bilir. 

Təbii ki, həmin qüvvələri yalnız Dəmir Yumruqla başa salmaq mümkün olar. Sirr deyil ki, Prezident İlham Əliyev  Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilən V Qurultayında Dəmir Yumruğun yenidən işə düşməsinin Ermənistan üçün hansı nəticələr verəcəyini açıq şəkildə bəyan edib.
 
Prezidentin çıxışından sitat: “Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Ümid edək ki, Ermənistandakı revanşist qüvvələr Prezident İlham Əliyevin xəbərdarlıqlarından nəticələr çıxaracaq. 

Elvin Məmmədov
Missiya.Az
 


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 
6.3.5. (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.     


  • 6-05-2022, 18:04