AZ   |   RU
Nizami rayonunda inşa ediləcək xatirə abidəsinin layihəsi təqdim olundu - FOTOLAR
Nizami rayonunda Birinci və İkinci Qarabağ Müharibəsinin şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə ucaldılacaq abidənin eskiz layihəsinin təqdimat mərasimi keçirilib. 

Missiya.Az xəbər verir ki, təqdimat mərasimində şəhid ailələri, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi  Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon Təşkilatının sədri Rəcəb Baxşıyev, Ağsaqqallar Şurasının Nizami rayon Təşkilatının sədri Mayil Əliyev, Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvləri və Nizami rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 Mərasimdə Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehtiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Nizami rayon təşkilatının sədri Məhi Mehdiyev, Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü Şöhlət Afşar çıxış edərək Dövlətin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi proqramlardan  və bilavasitə Prezident İlham Əliyevin qeyd olunan əhali qrupuna göstərdiyi diqqət və qayğıdan danışıblar.
    
Tədbirdə şəhid ailələrinin təmsilçiləri də çıxış edərək Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının və Missiya Media Qrupunun birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrə görə təşəkkürlərini bildiriblər. 

Daha sonra memar-dizaynerlər xatirə abidəsinin eskiz layihəsini təqdim ediblər.  Qeyd olunub ki, Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının və Missiya Media Qrupunun birgə dəstəyi ilə ərsəyə gətiriləcək layihə xüsusi fəlsəfi ideaya əsaslanır. Layihə fəlsəfi nöqteyi-nəzərindən Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi şanlı qələbəyə qədər keçdiyi tarixi yolu əks etdirir. 

Layihə ətrafında aparılan müzakirələrin nəticəsi olaraq razılaşdırılıb ki, yaxın günlərdə abidənin rəsmi təməlqoyma mərasimi keçirilsin. 

Xatırladaq ki, bu günə qədər rayon ərazisində Missiya Media Qrupunun da əsas dəstəyi ilə şəhidlərin yaşadığı  binaların və təhsil aldıqları məktəblərin həyətində xatirə guşələri yaradılıb və bu proses hazırda da davam etdirilir.
 



  • 20-01-2022, 18:57