AZ   |   RU
Bakıda kişi arvadının xadimə işlədiyi evini soydu


Bakıda kişi arvadının xadimə işlədiyi imkanlı şəxsin evindən oğurluq etdiyi üçün həbs olunub.

Missiya. Az xəbər verir ki , 1966-cı ildə Yevlax rayonunda anada olmuş Vaqif arvadının 6 il xadimə işlədiyi evdən oğurluq etməsinin səbəbi barədə məhkəmədə danışıb.

Ailə üzvləri ilə birlikdə kirayədə yaşadığını və təmir-tikinti işləri ilə məşğul olduğunu deyən Vaqifin əmək fəaliyyəti daimi olmayıb, müəyyən vaxtlarda işsiz qalıb. Onun sələmçiyə böyük məbləğdə borcu olub və borcların ödənilməsinə görə sıxıntıları yaranıb. 

2022-ci ilin iyun ayında həyat yoldaşından xadimə işlədiyi evin sahibi barəsində müəyyən məlumatlar alıb. Belə ki, ev sahibinin müəyyən müddət ərzində mənzildə olmadığını və imkanlı şəxs olduğunu öyrənib. Bundan sonra, həyat yoldaşının xəbəri olmadan həmin mənzildən oğurluq etmək qərarına gəlib.

Ev sahibinin Səid adlı oğlu Türkiyədə universitetə qəbul olunub və bu səbəbdən qardaş ölkəyə getdiyini eşidib. Bundan sonra özü evə oğurluğa gedib. Mənzilə daxil olduqdan sonra otaqlara baxıb, yataq otağına daxil olaraq orada yerləşən dolabları açıb. Orda qırmızı çamadan olduğunu görüb və yaxınlıqda bağlı seyfin olduğunu müşahidə edib. Çamadanı açarkən içərisində rezinlə bağlanmış və açıq dollarlar, həmçinin qızıllar olduğunu görüb. O, borcların verilməsi üçün ehtiyacı olduğu qədər, yəni 13 000 ABŞ dolları götürüb. Qalan pullara və qızıl onluqlara isə dəyməyib.

Oğurluq etmək məqsədilə götürdüyü açarı həyat yoldaşının əl çantasına qoyub və hadisə barədə heç kimə deməyib. Bundan sonra, oğurladığı pulları sələmçiyə verərək borcunu bağlayıb. 

Bir müddət sonra ev sahibinin polisə etdiyi müraciət əsasında araşdırma aparılıb və o, müvafiq polis orqanında izahatı zamanı oğurluğu etiraf etdiyi üçün saxlanılıb. Vaqif bildirib ki, hadisədən həyat yoldaşının məlumatı olmayıb. 

Məhkəmənin qərarı ilə Vaqif Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib



  • 20-05-2023, 20:28