AZ   |   RU
Rəşad Dağlının məhkəməsində qardaşı ifadə verib


Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Missiya.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.

O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib:

"Mərhum İsgəndəri meyxanaçı Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, o da söylədi ki, fikir vermə. Daha sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl İsgəndər yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı".

Şahid söyləyib ki, hadisə günü gecə saat 04-də Rəşad ona zəng edib: "Məni küçəyə çağırdı, evdən gödəkçəsini gətirməyimi dedi. Evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu açmadı. Hardasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Bildirdi ki, İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum ki niyə öldürdün, dedi heç nə bilmirəm, bir də baxdım ki İsgəndər qan içindədir".

Proses iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.



  • 19-05-2023, 16:50