AZ   |   RU
İrəvandakı izdihamlı mitinqin arxasında hansı mətləblər dayanır? - Erməni xalqının ölüm-qalım dilemması

Ermənistanın baş naziri Nikol Paşinyanın martın 1-də İrəvanın mərkəzində təşkil etdiyi mitinqə 25 mindən çox vətəndaşın iştirak etdiyi bildirilir. Mitinqdən yayılan foto və videolardan da Ermənistanın Respublika Meydanında böyük izdihamın yaşandığını görmək olar. 

Paşinyan 44 günlük müharibədə yaşadığı ağır məğlubiyyətdən sonra ilk dəfə idi ki, bu qədər insanın qarşısına çıxır, onlara Ermənistanın gələcəyi ilə bağlı vədlər verirdi. 

Baş nazirin əleyhdarı olan daxili və xarici qüvvələr Ermənistandakı ağır iqtisadi vəziyyətə və dövlətin 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğraması faktına əsaslanaraq Paşinyanın 2018-ci ildən fərqli olaraq bu dəfə izdihamlı aksiya təşkil edə bilməyəcəyini proqnozlaşdırırdılar. Amma gözləntilərin əksi müşahidə olundu. Paşinyanın leyihnə təşkil olunmuş mitinqdə 25 mindən artıq insan toplaşdı. Heç Ermənistanın birləşmiş müxalifəti, revanşist qüvvələr 4 aydır hər gün təşkil etdiyi mitinqlərə bu qədər iştirakçı cəlb edə bilməmişdi. 

Səbəb nədir? Ağır məğlubiyyətə, ölkədəki böhranlı vəziyyətə rəğmən Paşinyanın öz xeyrinə izdihamlı aksiya təşkil edə bilməsinin arxasında hansı amil dayanır?

Proseslər göstərir ki, Ermənistan cəmiyyəti 2 hissəyə bölünüb:

1. Revanşist qüvvələrin, xüsusən terrorçulardan ibarət “Qarabağ klanı”nın oyunlarına alət olanlar;

2. Müharibə tərəfdarı olmayanlar, ağır məğlubiyyətdən dərs çıxaran, Ermənistanın gələcəyinin Qarabağdan imtinadan keçdiyinə əmin olanlar.




Paşinyanın son mitinqini bəzi erməni ekspertləri, “Ermənistan cəmiyyəti müharibədən qorxur, böhranlı vəziyyətin davam etməsini istəmir” şəkilində şərh ediblər. Ağlabatan yanaşmadır. Son günlər Ermənistan vətəndaşlarının, “Artıq barışmalıyıq ki, Qarabağ Azərbaycanın torpağıdır” və sairə bu kimi tezislərə söykənən açıq çıxışlarının artdığını nəzərə alsaq, erməni cəmiyyətinin hazırkı ruhu barədə deyilənlərlə razılaşmaq olar. Belədə real ehtimal olaraq deyə bilərik ki, erməni cəmiyyəti Sarkisyan-Köçəryan cütlüyünün 30 il insanları saxta ideologiya ilə zəhərlədiyini, diplomatiyada ağır məğlubiyyətə uğradıqlarını, müharibənin onlara heç bir xeyir gətirmədiyini, əksinə, həm xalq, həm də dövlət olaraq inkişafdan saxladığını anlayır. Hər halda biz ümid edirik ki, belədir. Çünki hazırkı vəziyyət ermənilərə ancaq bir çıxış yolu tanıyır – işğalçılıq siyasətindən, Azərbaycana qarşı əsassız torpaq iddiasından çəkinmək! Ermənilər nəhayət dərk etməlidirlər ki, ölkədəki sosial problemlərin, regional layihələrdən kənarda qalmalarının kökündə işğalçılıq siyasəti dayanır. Bu zehniyyətdən azad olmalıdırlar ki, ölkələri inkişaf mərhələsinə, keçid ala bilsin. 

Artıq regionda yeni reallıqlar yaranıb. İndi şərtləri Azərbaycan və Türkiyə diqtə edir. Proseslər göstərir ki, erməni xalqının, eləcə də hökumətin Azərbaycan və Türkiyənin şərtlərini qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistanın xilası Bakı və Ankara ilə əməkdaşlıqdan keçir. Müharibə ritorikasına, revanş həvəsinə son qoyub regionda yaranmış yeni situasiyanın bütün şərtlərini qəbul etməlidirlər. 44 günlük müharibə göstərdi ki, Ermənistanın Azərbaycanla heç bir istiqamət üzrə rəqabət aparmaq imkanı yoxdur. Cəmi 44 gün kifayət etdi ki, Azərbaycan işğalçı dövlətin bütün dayaqlarını sarsıtsın.  

Mitinqdəki izdiham Paşinyanın tərəfdarlarının revanşist qüvvələri dəstəkləyənlərdən çox olduğunu göstərdi. Bu həm də yeni müharibə ssenarisi quran daxili və xarici güclərə mesaj idi.

Yəqin ki, revanşist qüvvələr  və onların havadarları da mitinqdəki mənzərədən düzgün nəticə çıxarıb, Ermənistanın tamamilə məhv edilməsi ilə nəticələcək siyasətdən əl çəkəcəklər. Elə Paşinyanın özü də imzaladığı razılaşmadan boyuq qaçırmağın hansı ağır nəticələrə gətirib çıraxacağını dərk etməli, öhdəliklərini yerinə yetrməkdən boyun qaçırmamalıdır. 

DƏMİR YUMRUQ YERİNDƏDİR!

Missiya.Az

  • 3-03-2021, 17:19