AZ   |   RU
İran hakimiyyətinin separatçıları dəstəklədiyi sübut olundu – Husilərə göndərilən silahlar ələ keçirildi


ABŞ hərbçiləri xüsusi əməliyyatla İrana məxsus silah-sursatı ələ keçiriblər.

Missiya.Az
“The Wall Street Journal”a istinadən xəbər verir ki, İran bu silahları Yəməndəki üsyançılara göndərirmiş. Yəməndə mərkəzi hakimiyyətə qarşı üsyan qaldıran silahlı qruplaşma İranın dəstəyi ilə Səudiyyə Ərəbistanının regiondakı nüfuzunu azaltmağa cəhd edir.

Jurnal yazır ki, qaçaqmalçılıq yolu ilə Yəmənə ötürülərkən ABŞ hərbçiləri tərəfindən müsadirə olunan silah-sursat Ukraynaya verilə bilər. Qeyd edilib ki, 5 min silah, 1,6 milyon ədəd mərmi, uzaqdan idarə olunan 7 min partlayıcı müsadirə olunub.

Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi İranın husiləri silahla təmin etməsinə dair sübutları təqdim edib.

Britaniyanın ələ keçirdiyi mikro-dronun sərt diskindəki məlumatlarda İranın Yəməndəki Husi qruplaşmasına qabaqcıl silahlar verdiyi açıqlanıb.

Məlumatda deyilir ki, Britaniya Hərbi Dəniz Qüvvələri bu kvadrokopteri keçən il Oman dənizində sürətli qayıqlar üzərində kəşfiyyat uçuşları apararkən ələ keçirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyindən bildirilib ki, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasının sübutu kimi bu silahları və digər faktlar BMT-yə təqdim edilib.

Məlumata görə, britaniyalı mütəxəssislər kvadrokopterin yaddaşından silinməyən məlumatı deşifrə edib və onun Tehranın qərbindəki SEPAH-ın Aerokosmik bazasında 22 sınaq uçuşunu qeydə aldığını müəyyən ediblər.


Nəriman Sultanoğlu
Missiya.Az




  • 15-02-2023, 13:28