AZ   |   RU
Yanan erməni əsgərlərin anaları etiraz edir - Benzin məsələsi inandırıcı gəlmir


Bir neçə gün əvvəl erməni hərbi hissəsində baş verən yanğında 15 hərbçi ölüb, 6 nəfər yaralanıb. Yanğın tarixi Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndi ərazisində yerləşən mühəndis bölüyünün kazarmasında baş verib. Sentyabr döyüşlərində Azərbaycan Ordusu tərəfindən məhv edilən təxribatçı erməni hərbi hissəsinin qalıqları kəndlərdəki kimsəsiz evlərdə yerləşdirilib. Təbii ki, bu da erməni əsgərlərin şəraitsiz yerdə xidmət etdiyindən xəbər verir. Həmin kazarmanın isidilməsi üçün benzin sobasından istifadə edilməsi erməni ordusunun acınacaqlı vəziyyətdə olduğunu göstərir. İlkin ehtimallara görə yanğına səbəb sobanın benzinlə alışdırılması zamanı təhlükəsizlik qaydalarının pozulması olub. Yanğına görə bölük komandirindən tutmuş 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryanadək bütün məsul şəxslər vəzifələrindən azad edilərək istefaya göndəriliblər. Hadisə ilə bağlı cinayət işi başlanılıb. 

Missiya.Az
"Hraparak" erməni nəşrinə istinadən xəbər verir ki, bütün bu proseslərdə yanaraq ölən erməni hərbçilərin valideynləri Paşinyan hakimiyyətini və ordu komandanlığını günahkar bilirlər. Belə ki, artıq ölənlərdən bəziləri dəfn edilib. Digərlərinin isə tanınmaz halda olduğu üçün DNT test nümunəsinə əsasən valideynlərinə təhvil veriləcəyi gözlənilir. Erməni valideynlər hadisədə bəzi nüanslara diqqəti yönəldərək araşdırmanın düzgün aparılmasını tələb edirlər.

Bəzi valideynlər övladlarının uyğunlaşdırılmış köhnə binada yerləşdirilməsinə etiraz edirlər. Kənddə heç bir şəraiti olmayan, hətta sanitariya qaydalarına əməl edilməyən bir kazarmada xidmət etmək çətindir. Sobanın benzinlə yandırılması, binanın pəncərələrinin çox və dəmir barmaqlıqlardan ibarət olması, zabitlərin səriştəsizliyi və digər məqamlara görə məsul şəxslərin cəzalandırılmasını istəyirlər. 

Xatırladaq ki, xilasetmə xidmətinin polkovniki Arsen Saroyan İctimai TV-nin efirində yanvarın 19-da baş vermiş yanğın zamanı içəridə 21 nəfərin olduğunu bildirib. Mühəndislərdən 14-ü çarpayıda yatmış vəziyyətdə tapılıb. O, həmçinin bildirib ki, əsasən foye yanıb, ona görə də əsgərlər divarı digər tərəfdən uçuraraq içəridə qalan əsgərlərin köməyinə çatmağa çalışıblar. Xilasedicilər gələnə qədər 6 nəfər yanan binadan çıxıb, onlardan üçü xəstəxanaya çatdırılıb. 

Ölən əsgərlərdən birinin anası deyib ki, “Uşaqların yatdığı qənaətindəyik. Mən benzin nəzəriyyəsinə inanmıram. Yetkin adam, zabit başa düşə bilmir ki, 5 litrlik benzin bankasını sobaya necə gətirib od vurmaq olar. Heç kim sobanı benzinlə yandırmaz. Hamı bilir ki, həyat üçün təhlükəlidir”. 

"Hraparak" nəşri yazır ki, erməni ordusunun miskin və səfil durumda olduğunu sübut edən valideynin sözləri isə belə oldu, “Mənə qəhrəman lazım deyil, uşağımı vermədilər, bağlı tabutda, bayraqla gətirdilər, bayraq mənə nə verəcək?”.

Nəriman Sultanoğlu
Missiya.Az




  • 24-01-2023, 11:53