AZ   |   RU
İran və Fransanın qardaş “Hay”ları


Azərbaycan hər il getdikcə artan nüfuzunu Vətən müharibəsindəki qələbəsi ilə taclandırdı. Artıq Azərbaycan yerləşdiyi regiona sığmayan nüfuzu dünyada baş verən proseslərin təsirindən və beynəlxalq layihələrdəki söz sahibi olmasından da qaynaqlanan səbəblərdən bu gün Avropanın siyasi arenasında  mühüm rola və yerə malikdir.
 
Azərbaycanın belə sürətlə böyüməsi bəzi siyasi dairələrdə qısqanclıq və qorxu hissi ilə müşayiət olunur. Bunu siyasi oyunlar kontekstində nə qədər real hesab etsək də qonşularımızın və 28 il guya tərəfsiz qalmış 3 “Minsk müşkatyoru”ndan birinin bu dərəcədə düşmənçilik mövqeyi bir az düşündürücü gəlir. 
 
Azərbaycanın bu günkü yeri ilə siyasi maraqları uzlaşmayan Fransa və İran tez –tez provakativ açıqlamalar, təhlükəli hərəkətlər edirlər.
 
Fransa Prezidenti Emmanuel Makronun “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq” deməsi bizim gözümüzdə Fransanı Ermənstandan fərqli bir yerə qoymamağı labüd edir.
 
Təbii ki, Makronun qərəzli çıxışı Azərbaycan ictimaiyyətində cavabsız qalan bir çox suallara və mətləblərə açıqlıq gətirdi. Fransanın Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesində söz sahibi olmaq arzusunun üstündən bir dəfəlik xətt çəkdi. Fransanın haqsız Ermənistanı heç vaxt atmayacağını dəqiqləşdirən Azərbaycan, ən yüsək səviyyədə-Prezident İlham Əliyevin dilindən Fransaya yerini və həddini göstərdi. Prezident İlham Əliyevin “Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük” deməsi yəqin ki, erməni lobisinin əlində oynatdığı “Oyuncaq”lara lazımi cavab oldu.
 
“Xəstə erməni düşüncəsi” üzündən dünyanın gözü qarşısında bu qədər alçalmağı gözə alan siyasi qüvvələr təbii ki, Fransa ilə məhdudlaşmır.
 
Qərbdəkilərin boğazlarını qəhərləndirən hadisələr cənubda da eyni kövrəkliklə davam edir. Hər dəfə etdikləri haqsızlıqların və xəyanətlərin nəticəsində cəzalandırılan “Haylar”ın hayına çatan Fars rejimi yenə də öz ampulasındadır. Vətən müharibəsi dövründə də guya qardaşlarına dəstək məqsədi ilə tez-tez “Tör-töküntü”sünü Arazboyunda cəmləşdirən İran son bir neçə gündə təlimlər adı ilə yenə təxribatlara əl atmaq istəyir.
 
Təbii ki, İranın Azərbaycana qarşı hərbi və yaxud da digər sahələrdə müdaxilə etmək imkanı yox dərəcəsindədir. Müasir döyüş taktikası və texnikalarına sahib olan, XXI əsrin çağdaş müharibə xüsusiyyətlərini ordusunda cəmləyən Azərbaycana hərbi güc tətbiq etmək, cənubda yaşayan 40 milyonluq soydaşına rəğmən milli ideologiya sarıdan rəqabət aparmaq isteriyası Fars rejiminə baha baş gələ bilər. 
 
Ölkəsinin Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə aydınlıq gətirən İran səfiri Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırdıqlarını deyib. Səfir Musəvinin “Biz bu hərbi təlimlər barədə qardaş Azərbaycana məlumat vermişdik. Onlar bu təlimlərdən məlumatlı idilər. Bu, sülh naminə olan təlimlərdir” sözlərində “Sülh” və “Qardaşlıq” kəlimələrini eşidənlərdə bəlkə də bir anlıq dinimiz xatirinə bu ifadələrin səmimi olduğuna inanmaq hissi aşılasa da ardınca fikirlərinə davam edən iranlı diplomat Ermənistana qeyd-şərtsiz verdikləri dəstəyi şərh edərək ölkəsinin əsl məramını belə ifadə edir. “Bu sadəcə İranın uzunmüddətli strateji maraqları ilə bağlı məsələdir. Biz maraqlarımız çərçivəsində öz mövqeyimizi bildiririk"
 
Təbii ki, onların maraqlarını da, mövqelərini də yaxşı bilirik. Bildiyimiz üçün də hər zaman ehtiyatı əldən verməməklə yanaşı sərhədlərimizdə gedən prosesləri yaxından izləyirik. 
 
Necə deyərlər “it ilə dostluq et çomağı yerə qoyma ”
 
Aqil Musa
Missiya.Az
 
 
 
 
 
 
 

  • 18-10-2022, 17:38