AZ   |   RU
Ermənistan yeni müharibəyə hazırlaşır? – Rəsmi İrəvan silah tədarükünə “yüz milyonlarla dollar” ayırıb

Paşinyan Ermənistana silah tədarükünə görə öhdəlikləri yerinə yetirməməkdə Rusiyanı ittiham edir.

Missiya.Az
erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında bəzi ölkələrin, o cümlədən müttəfiqlərinin Ermənistana yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina etdiyini bildirib. Bu məsələdə müttəfiqlərini, xüsusilə də Rusiyanı qınayan Nikol Paşinyan, “Yüz milyonlarla dollar ödəmişik, lakin Ermənistana silah tədarükü ilə bağlı öhdəliklər müttəfiqlər tərəfindən yerinə yetirilmir” deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan Ermənistana silah ixracının qarşısının alınmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan imkan daxilində bütün istiqamətlərdə, o cümlədən müttəfiqlər tərəfindən silah tədarükünün qarşısını alır və bu da bir məqsədlə həyata keçirilir ki, Ermənistan suverenlikdən, dövlətçilikdən və ərazi bütövlüyünü qorumaqdan əl çəksin.

Bütün ümidini itirən və indi də beynəlxalq təşkilatlardan mədət uman Paşinyan “Bütün beynəlxalq tərəfdaşlarla çox fəal işləyirik. Biz beynəlxalq tərəfdaşlarımıza, istər ATƏT olsun, istərsə də BMT missiyası olsun, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsini təklif edirik” deyə bildirib. 

Görünən odur ki, Azərbaycanın hərbi qüdrəti və uğurlu diplomatik gedişləri qarşısında tab gətirə bilməyən Ermənistan dövləti mövcudluğunun sual altına düşdüyünü dərk etməyə başlayıb. Artıq KTMT və ABŞ-dan ümidləri üzülən Ermənistan Hindistandan silah almaq niyyətinə düşüb. Həm də Azərbaycana məxsus pilotsuz uçuş aparatlarından və dronlardan qorunmaq üçün erməni hərbi birləşmələrinin ön xətdə yerləşən bölmələrində səngər və sığınacaqların mühəndisqurğuları  cəhətdən təcili möhkəmlənmə işləri aparılır. Amma bütün bunlar da təxribata əl atmağa adət etmiş erməni terrorçularını xilas etməyəcək. 

Nəriman Sultanoğlu
Missiya.Az


  • 30-09-2022, 10:32