AZ   |   RU
“Amerika erməniləri Rusiyanın caynağından ala bilməz, çünki Ermənistan tamamilə Rusiyadan asılı dövlətdir” – Politoloq Elxan Şahinoğlu

Siyasi- şərhçilərin gəldiyi qənaətə görə, Pelosinin İrəvana səfəri Ermənistanın Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün də bir bəhanə olacaq. Onsuz da Ermənistan bunun baş verməsi üçün müxtəlif bəhanələr axtarırdı. Pelosinin səfəri isə Ermənistanda Rusiyaya qarşı yönələn kütləvi narazılıq və imtina kampaniyasının məntiqi nəticəsidir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri bu gün başa çatıb və Pelosini hava limanına qədər Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müşayiət edib. Bəs, Pelosinin İrəvana səfəri Qərb dairələrinin Azərbaycana olan münasibətlərini hansı istiqamətlərə yönəldə bilər? Onun Ermənistan səfəri daha çox hansı məqsədlər üçün hesablanıb?


Politoloq Elxan Şahinoğlu Missiya.Az-a açıqlamasında bu suallara aydınlıq gətirib. Onun sözlərinə görə,  ABŞ Nümayəndələr palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin bir neçə məqsədi var: “Birinci məqsədi noyabrda Amerikada keçiriləcək seçkilərlə bağlıdır. Özü və demokratlar partiyası konqresə erməni lobbsinin səslərini də almaq istəyir. İkinci məqsədi isə, elə Amerika siyasətidir ki, Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışırlar. Məsələn, Amerika Mərkəzi Kəşfiyyat idarəsinin rəhbəri bir neçə ay öncə Ermənistana səfər etmişdi. Ermənistanın müdafiə naziri  Suren Papikyan bu günlərdə bir həftəlik Vaşinqtona səfər edib və Pentaqonda görüş baş tutub. Paşinyanın özü və onun komandası Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından incik və narazı qalıblar ki, guya onlar Azərbaycanı dayandırmalı idilər. Ona görə amerikanlara yaxınlıq edirlər. Amma Amerika erməniləri Rusiyanın caynağından ala bilməz, çünki Ermənistan tamamilə Rusiyadan asılı dövlətdir. Orada hərbi bazalar var, Türkiyə və İran sərhədini qoruyur, ucuz qaz, pulsuz hərbi texnika verir. Bütün bunları Amerika əvəz edən deyil. Əvəz etsə belə, onda Rusiya Ermənistanı ciddi şəkildə cəzalandıracaq. Amerikanın Nümayəndələr Palatasının Ermənistanda verdiyi açıqlamalar anti-azərbaycan, anti- türk mahiyyətlidir. Bu Azərbaycan- Amerika münasibətlərinə mənfi təsir göstərə bilər. Halbuki, Amerika Azərbaycan münasibətləri strateji əhəmiyyət daşıyır. Bunu Amerika anlayır. Təsadüfi deyil ki, dünən Amerika Dövlət katibi Entoni Blinken təcili Bakıya zəng edib Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə ediblər. Amerikanın rəsmi strukturları da yaxşı bilirlər ki, Nensi Pelosinin İrəvandakı açıqlamaları Azərbaycanda xoş qarşılanmır”.  

Siyasi ekspert onu da əlavə edib ki, Amerikanın Azərbaycanda enerji maraqları da var. Azərbaycan Avropaya qaz nəql edir, neft satır: “Rusiya-Ukrayna müharibəsi fonunda Avropa və Amerika üçün də vacibdir ki, Avropa Rusiyanın  enerji asılılığındadır. Ona görə də bir səfərə görə Amerikanı Azərbaycandan imtina edə biləcəyi, Bakı əleyhinə siyasət yürüdəcəyini söyləmək mümkün deyil. Düzdür, Amerika Dövlət Departamentinin verdiyi bəyənat da, bizdə xoş qarşılanmadı. Ümumilikdə, Cənubi Qafqazın əsas açar dövləti Azərbaycandır. Amerikada bunu anlayan dairələr də var. Sadəcə erməni tərəfində olan dairələr Azərbaycan və Amerika münasibətlərini korlamağa çalışırlar”.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 19-09-2022, 17:55