AZ   |   RU
Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB / FOTO

Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.

Missiya.Az xəbər verir ki, Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd ediblər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırlayıb.

Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulanıb.

Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd edib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirib. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd edib, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını deyib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini deyib.

Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışılıb, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


  • 8-03-2023, 19:02