AZ   |   RU
ABŞ-da COVID-19-a qarşı peyvənd olunanlar üçün lotereya daha iki ştatda keçiriləcək


COVID-19 virusuna qarşı peyvənd olunanlar üçün pul uduşları vəd edən lotereya Nyu-York və Mariland ştatlarında da tətbiq olunacaq.

Missiya.Az CNN-ə istinadən xəbər verir ki, daha əvvəl bu lotereyanı tətbiq edən Ohayo ştatının hökuməti tədbirin səmərəli olduğunu bildirib.

“Peyvənd olunub-olunmamağa dair tərəddüdləriniz var idisə, indi buna təşviq edən daha bir səbəb yarandı. Burada uduş ehtimalı 9-a 1-dir. Bundan hər kəs qazanclı çıxacaq” – deyə Nyu-York ştatı qubernatoru Endrü Kuomo (Andrew Cuomo) mətbuat konfransında bildirib.

Qeyd edək ki, Nyu-York ştatında lotereyanın baş mükafatı 5 milyon dollardır. Bundan əlavə, 20 min və 50 min dollarlıq uduşlar da var. Marilandda isə ümumi mükafat fondu cəmi 2 milyon dollardır.

Hazırda 50 ştatın 19-da yetkin əhalinin ən azı yarısı COVID-19-a qarşı tam peyvənd olunub.

  • 21-05-2021, 16:19