AZ   |   RU
Ermənistanın “demokratik” mənzərəsi – Hakimiyyət deputatları da hədəfə alıb, beynəlxalq təşkilatlar susur
Dünyada sülhün, hüquq və azadlıqların, insan haqlarının müdafiəçisi kimi müqəddəs bir missiyanı üzərlərinə götürmüş beynəlxalq təşkilatların artıq inandırıcılıq gücünün qalmadığı hər kəsə məlumdur. 

Xüsusilə, İraq, Liviya, Suriya, Rusiya-Ukrayna və digər qaynar nöqtələrdə sərgilədikləri mövqe həmin təşkilatların imicinə mənfi təsir göstərməklə dünya ictimai rəyində də reytinqlərini xeyli geri salıb. 

Biz də bu ədalətsiz münasibəti hiss edən ölkələrdən biri və bəlkə də birincilərdənik.

30 ilə yaxın müddətdə 20% -dən artıq torpaqlarımızı işğal altında saxlayan Ermənistana “gözün üstə qaşın var” deməyənlər, həmin torpaqlardan didərgin düşmüş insanların məhv edilmiş talelərinə biganə qalanlar, işğalda olan torpaqlarımızda aparılan maddi-mənəvi terrora göz yuman beynəlxalq hüquq müdafiəçiləri və təşkilatları post-müharibə dövründə də qeyri obyektiv davranışlar nümayiş etdirməkdən çəkinmirlər. 

Vətən müharibəsindən sonra məğlub ölkənin sülhə və sabitliyə etinasız yanaşmamasını qınamaq əvəzinə, vaxtaşırı onların xeyrinə sənədlər və hesabatlar hazırlamaq sadəcə ikili standartların ən yüksək formasını nümayiş etdirməkdən başqa bir şey deyil. 
İnsan haqlarından danışan, yazan təşkilatların Ermənistan əleyhinə bir dənə də olsun qınaq xarakterli bəyanatının olmaması o təşkilatların fəaliyyətini mənasızlaşdırır desək yəyqin səhv etmərik. 

Məsələn, dünya səviyyəsində insan haqlarını müdafiə etməli olan və bu mövzuda guya araşdırmalar aparan beynəlxalq qeyri-hökumət təşkilatı - “Human Rights Watch” (HRW) təşkilatının hesabatlarında Azərbaycan -Ermənistan münaqışəsinə obyektivlikdən uzaq rəy verir. 

Beləki, hesabatlarında müharibənin məsuliyyətini Azərbaycanın ayağına yazmağa çalışan HRW ekspertləri, elə ifadələr işlədirlər ki, guya Azərbaycan Ermənistana hücum edərək onun torpaqlarını ələ keçirib. Rəqəmlərdə və arqumentlərdə də ciddi təhrifə yol verilir. 
Deməli, bu təşkilatların dəqiq, düzgün, obyektiv araşdırma və təhlil aparmaq iqtidarında olmaması göstərir ki, onların hazırladıqları hesabatlar və qiymətləndirmələr mənasız kağız parçalarından başqa bir şey deyil.

Nədəndirsə, HRW-nin hesabatlarında Ermənistanda insan haqlarının pozulduğunu təsdiqləyən hadisələr geniş yer verilmir. Məsələn, Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının 22 deputatının səlahiyyətlərinə xitam verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunmasına hazırlıqların başlanması demokratiyanın boğulması, fikir azadlığının, üquq və insan haqlarının pozulması anlamına gəlmir? 

Niyə indi həmin təşkilatlar hay-küylü hesabat hazırlamır ki, xalqın seçdiyi deputatlar Paşinyan iqtidarına qarşı çıxdığı üçün hüquqları pozulur, nəticədə xalqın iradəsinə və demokratik meyarlara ciddi zəribə vurulur?  


Digər bir faktı xatırladaq. Rusiya hərbi bazasına gedən yolu bağlayan etirazçılar, Rusiya hərbçilərini “işğalçı” elan edərək, Ermənistanın 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edildiyini iddia edirdilər. Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazası yaxınlığında keçirilən dinc aksiyada 100-dən çox adam saxlanıldı. Bu hadisə ilə bağlı heç bir beynəlxalq təşkilat canfəşanlıq edib, hesabat hazırlamadı. Aksiyada həbs edilən 100 nəfərin taleyi nədənsə hüquq müdafiəçilərinin “İnformasiya lokatoruna” düşmədi. Demək ki, ortada qərəzli yanaşma, ədalət meyarlarına cavab verməyən mövqe var.  

Odur ki… 
Ən adi bir məsələni Azərbaycana qarşı kampaniyalara əsas kimi götürənlər bilməlidirlər ki, onların hay-küylə təqdim edtdikləri “hesabatlar” bizim üçün milçək vızıltısından başqa bir şey deyil.

Aqil Musa
Missiya.Az

Baxış sayı: 197
  • 12-01-2023, 18:04