AZ   |   RU
Avropada mövsümi qrip epidemiyası ağır keçəcək

Avropa regionunda hazırda qripin və respirator sinsitial virusunun (RSV) yayılmasında artım müşahidə olunur.
 
Missiya.Az  
xəbər verir ki, bu barədə səhiyyə və qida məhsullarının təhlükəsizliyi məsələləri üzrə Avropa komissarı Stella Kiriakides, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge və Xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə Avropa mərkəzinin direktoru Andrei Ammonun birgə bəyanatında deyilib.

“Biz artıq regionun müxtəlif bölgələrində A və B qriplərinin viruslarının artan sirkulyasiyasını müşahidə edirik. Bu viruslar yaşlı adamlarda, xroniki xəstəlikləri olan insanlarda ağır xəstəlik əmələ gətirir, eləcə də məktəb yaşlı uşaqlar üçün təhlükəlidir”, - deyə bəyanatın müəllifləri bildiriblər.


COVID-19 xəstəliyinə yoluxma hallarının, xəstəxanaya yatırılmaların və intensiv müalicə şöbələrinə keçirilən pasiyentlərin sayı, eləcə də hazırda koronavirus nəticəsində ölüm hallarının sayı ötən 12 ay ilə müqayisədə olduqca aşağıdır. Lakin vəziyyət dəyişə bilər, çünki koronavirusun hələ də yeni variantları əmələ gəlməkdə davam edir.
 
Bəyanatda bildirilib ki, vaxtında edilmiş peyvənd insanları xilas edir. Həmçinin o, yoluxma ehtimalını azaldır, COVID-19-un və mövsümi qripin ağır fəsadları riskini aşağı salır.

“Əgər biz ayıq-sayıqlığımızı qoruyub saxlasaq və effektivliyindən yaxşı xəbərdar olduğumuz tədbirlərin köməyi ilə özümüzü qoruya bilsək, bu qış çətinliklərə üstün gəlməyi bacararıq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Avropada xəstəxanaya yatırılmaların sayı oktyabrdan bəri durmadan artır. Belə halların təqribən yarısı 55 yaşdan yuxarı şəxslərin payına düşür. Avropanın 23 ölkəsində xəstəxanaya yatırılan pasiyentlərin 85 faizində B tipli virus müəyyən edilib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 14:01