AZ   |   RU
Danimarka Hökumət Təqaüdünə layiq görülən ilk azərbaycanlının uğur sirri və ağıllı təklifləri-MÜSAHİBƏ



Ölkəmizin  istedadlı  gənclərinin  sayı  getdikcə  artır, gələcək  üçün  savadlı  kadrlar  yetişir.
 
Xüsusi  ilə  hər  il  Azərbaycanın  müxtəlif  ali  təhsil  müəssisələrinin   məzunları  dünyanın  böyük  nüfuza  sahib, reytinqlərdə öz  yerini  tutan  universitetlərinə  təqaüdlə  qəbul  şansı  qazanırlar.
Belə  məzunlarımızdan  biri  də  Mirzəliyeva  Səbinə  Elmar  qızıdır. Səbinə, Danimarka hökümətinin tam təqaüdünə layiq görülərək  Roskild Universitetinin “International Public Administration and Politics” magistr proqramına qəbul olan ilk azərbaycanlı tələbə adını qazanıb.
Missiya.Az Mirzəliyeva  Səbinə ilə müsahibəni  təqdim  edir.
 
Əvvəlcə  onu  öz  dilindən  tanıyaq
-Mən, Səbinə Mirzəliyeva Elmar  qızı,  2017-ci ildə Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət elmləri təmayüllü məktəb-liseyin “İstedadlar” sinfini fərqlənmə attestatı ilə bitirmişəm. Elə həmin ildə 649 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinin “Politologiya” ixtisasına qəbul olunmuşam.  Bu  il  təhsil  aldığım  universitetin  bakalavr  pilləsindən  97/100  - Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə  məzun  oldum. Magistr proqramı üzrə Danimarka Krallığının “Hökümət Təqaüdü”nə layiq görülmüşəm. Təhsilimin magistr pilləsini Danimarkanın Roskild Universitetində “International Public Administration and Politics” proqramı üzrə davam etdirəcəm.
 
-Təhsil aldığınız məktəb -liseyin “İstedadlar” sinfini fərqlənmə  ilə  bitirmisiz. Orta  məktəb  illərində nə kimi fəaliyyətiniz olub?
 
-Azərbaycan dili və Tarix üzrə fənn olimpiadalarında davamlı olaraq  iştirak etmişəm. Tarix üzrə Rayon Turunun qalibi olmuşam.
 
 -Həmçinin  universiteti də yüksək  ortalam ilə bitirdiz. Bakalavr təhsili müddətinizdən bir az  danışardız. Nə kimi uğurlarınız olub? 
 
-4 illik təhsilim boyunca şəxsi inkişafıma kifayət qədər vaxt ayırdım. Universitetin ilk ilində “4 M Academy (Harvard Business School's Harvard ManageMentor Program)” şəxsi inkişaf kursuna müraciət etdim. 3 ay ərzində 6 fərqli təlimçidən aldığım təlimlər hədəflərim barədə qətiyyətli olmağımda yardımçı oldu. “Bakı Gənclər Klubu İctimai Birliyi”nin, NAYORA və Azərbaycan Gənclər Fondunun bir neçə layihəsində aktiv iştirak etmişəm. Daha sonra Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) təcrübə keçdim. Bakalavr təhsilim dövründə rus, ingilis və fransız dillərini akademik səviyyədə öyrəndim. İxtisasımla əlaqəli beynəlxalq platformalardan Paris Siyasi Elmlər İnstitutunun "Geopolitics of  Europe", "International Migrations: a global issue" kurslarını götürərək uğurla tamamladım. Əlavə olaraq onu da qeyd etmək istərdim ki, “European Identity versus National Identity within the EU Zone” adlı akademik məqaləmin bu yaxınlarda dərc olunması gözlənilir.
          
Bir neçə dünya  universitetinə  magistratura pilləsi üzrə qəbul olmusunuz.  Magistratura  pilləsinə  hazırlıq  prosesiniz  və  universitetlərə  müraciətiniz haqqında bir az danışardız...
        
-Təhsilimi akademik səviyyədə davam etdirmək elə bakalavr təhsilimin ilk illərindən bəri qarşıma qoyduğum məqsəd idi. Müraciət sistemləri və tələbləri tamamilə bir-birindən fərqlənən bir neçə universitetə şəxsən özüm müraciət etmişdim. Hər universitetin magistr proqramına uyğun olaraq tələb olunan sənədləri topladım. Vurğulamaq istərdim ki, müraciət etdiyim universitetlərdən bəziləri magistr proqramının tədris dilindən başqa Avropa çərçivəsində işlənən beynəlxalq dillərdən digərinin də dil biliyini tələb edirdi. Məhz təhsilimi davam etdirəcəyim Roskild Universiteti də bunlardan biri idi. İngilis dili sertifikatıma əlavə olaraq fransız dili biliyimi göstərən sertifikatımı da müraciət sisteminə daxil etmişdim.
 
-Qəbul  olduğunuz  universitetlər  arasında  Danimarkanın  Roskil  Universitetini  seçəcəyinizi  bildirmisiniz. Niyə məhz bu  təhsil ocağı?
 
-Ümumiyyətlə, Skandinaviya ölkələri təhsil sisteminə görə dünyada daima inkişaf edən öyrənmə mühiti və yüksək təhsil standartları ilə tanınır. Bu ölkələr içərisində Danimarka universitetlərini fərqləndirən əsas cəhət problemə əsaslanan və yenilikçi düşüncəyə fokuslanmış öyrənmə metodları təklif etməsidir. Danimarkanı Avropada təhsil almaq üçün ən yaxşı yerlərdən biri edən isə buradakı universitetlərin tələbələrə yüksək dərəcədə müstəqillik verməsi, tədris proqramlarını özlərinin planlaşdırma (self-scheduling) seçimi imkanını yaratmasıdır. Roskild Universitetini seçməyimə səbəb təklif etdiyi proqramın olduqca beynəlxalq yönümlülüyü və dünyanın dörd bir yanından  tələbələri bir araya gətirməsidir. Keçən həftə universitetin təşkil etdiyi ilk vebinarda məhz bunun şahidi oldum. Digər tərəfdən, fənlərarası əlaqə Roskild Universitetindəki elmi yanaşmasında bir təməl daşı olduğuna görə, məhz bu səbəbdən ora diqqətimi cəlb etdi. Eyni zamanda bildirmək istərdim ki, Danimarka Hökümət Təqaüdünə layiq görülən ilk azərbaycanlı olaraq, bu fürsəti xüsusilə dəyərləndirmək istədim.
 
-Seçdiyiniz  universitetdə  təhsil  alacağınız  müddətdə  nə  kimi  fəaliyyət planlarınız  var?
 
-Bakalavriatura pilləsində şəxsi inkişafıma zaman ayırdığım kimi, magistratura  dönəmimdə də belə olacağına çalışacağam. Təhsil alacağım proqram 50% nəzəriyyə-metodoloji, 50% isə praktiki fəaliyyəti bir araya gətirdiyindən, ixtisasımı təkcə nəzəri  deyil, təcrübə baxımdan da inkişaf etdirməyi düşünürəm. Çünki, təcrübə və müxtəlif sosial fəaliyyətlərə cəlb olunmaq birbaşa şəxsi bacarıqlara təsir göstərir. Cari iş dünyasında “soft skills” də nəzəri biliklər qədər vacibdir. Bundan əlavə, danimarkalıların 86%-i ingilis dilini ikinci dil olaraq istifadə etdiklərinə baxmayaraq, yerli cəmiyyətə, düşüncə tərzinə və mədəniyyətə daha tez inteqrasiya edə bilmək üçün Danimarka dilini də öyrənməyi planlaşdırıram.
 
-Ümumilikdə, gələcək  fəaliyyətinizi hansı  istiqamətdə və hansı ölkədə davam etdirməyi düşünürsüz? 
 
-Gələcək fəaliyyətimi akademik istiqamətdə davam etdirməyi düşünürəm. İkinci sualınıza gəldikdə isə düşünürəm ki, bu sualı dəqiqliklə cavablandırmaq müəyyən qədər erkən və çətindir. Hər halda qarşılaşacağım real imkan və situasiyalar gələcəklə bağlı qərarımı müəyyənləşdirəcək. Təbii ki, qazanacağım bilik və təcrübəmlə Azərbaycana qayıdıb ölkəmə töhfə verməyi də düşünürəm.
          
Sizin  kimi    nüfuzlu xarici  universitetlərdə  təhsil  almağı  hədəfləyən tələbələrə bu  yolda  nə  kimi  tövsiyələriniz var?
 
-Öncə hədəfi müəyyənləşdirmək lazımdır. Əsas olan hədəfə gedən yolda qətiyyətli olmaq və real addımlarla irəliləməkdir. Hər zaman nümunəvi insanlarla əlaqə qurmağa çalışsınlar ki, bu onların şəxsi inkişafına öz töhfəsini vermiş olsun. Dostlarının nailiyyətlərini sevinc hissi ilə bölüşməyi bacarsınlar. Əminəm ki, bunları etdikdən sonra hədəfə gedən yolda uğur qazanacaqlar.


  • 29-06-2021, 15:39