AZ   |   RU
"Mənim səlahiyyətimdə olsaydı, Aİ səfirini ölkədən çıxarardım" - Tbilisi meri

"Əgər mənə qalsa, Avropa İttifaqının (Aİ) səfirləri ölkədən çıxarılmalıdır. Bu, mənim münasibətim və baxışımdır. Əgər bu mənim səlahiyyətimdə olsaydı, əlbəttə ki, bunu edərdim".


Missiya.Az xəbər verir ki, bunu Tbilisi meri, "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladze deyib.


Onun sözlərinə görə, ölkədə baş verən bütün bəlalar Qərb bürokratiyasından qaynaqlanır. 


"Bilmirəm bu bəyanatı nə vaxt verib. Mənim fikrimcə, Avropa İttifaqının səfiri bu cür bəyanatlar verirsə, halbuki konkret cinayətkarlar var, o zaman ölkədən çıxarılmalıdır. Bu, əlbəttə, Gürcüstana qarşı aparılan siyasətin davamıdır. Mənim şəxsən səfirlə bağlı heç bir şəxsi narazılığım yoxdur, amma statusundan sui-istifadə edir və münasibətlərə ziyan vurur. Aydındır ki, o, tapşırıq yerinə yetirir. Nə deyilirsə, onu səsləndirir”, - deyə siyasətçi vurğulayıb.


Kaladze bildirib ki, əgər kimsə hakimiyyət dəyişikliyi istəyirsə, bu çevriliş və inqilab yolu ilə mümkün deyil:


“Seçkilər var, sivil yollar var və bu yolla sən getməlisən, fikrini bildirməlisən, istənilən adi vətəndaş kimi. Hakimiyyət dəyişikliyi seçki yolu ilə baş verməlidir. Aİ bürokratiyası 26 oktyabrda baş verən nəticələri bəyənmədi. Onlar uduzdular və indi də ölkədə çevriliş, qarşıdurma, qütbləşmə və sairə törətmək üçün bütün vasitə və metodlardan istifadə edirlər. Ölkədə nə bəla varsa, hamısı Qərb bürokratiyasından qaynaqlanır”, - deyə siyasətçi əlavə edib.


Onun sözlərinə görə, Moskva isə ayrıca problemdir və fakt budur ki, Rusiya Gürcüstana daxil olub və ölkə ərazisinin 20 faizini işğal edib.


“Kənardan bəzi adamlar guya xeyirxah niyyətlərlə məşğuldurlar, amma əslində bizim ölkəmizi və xalqımızı öz maraqları üçün istifadə etmək istəyirlər və bunu guya demokratik proseslər adı ilə bəzəyirlər. Hansı demokratik proseslər? Getsinlər, öz ölkələrindəki vəziyyətə baxsınlar. Hansı demokratik prosesdir ki, Rumıniyada Prezidentliyə namizədi yalnız ona görə geri çəkdilər ki, o, daha güclü idi, daha çox reytinqi və xalqın dəstəyi var idi”, - deyə Kaladze bəyan edib.


Tbilisi meri deyib ki, Avropa İttifaqının və ya istənilən ölkənin səfiri Gürcüstanın daxili siyasi proseslərinə müdaxilə etmək, cəmiyyətdə qarşıdurmaya və qütbləşməyə səbəb olmaq haqqına sahib deyil. 


Qeyd edək ki, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski 18 iyulda "Interpressnews"a müsahibəsində bildirib ki, repressiyaların dayandırılması, ədalətsiz həbslərin aradan qaldırılması, repressiv qanunvericiliyin ləğvi və açıq dialoqun təmin olunması hazırkı böhranın həlli və Gürcüstanın Avropa İttifaqı yoluna qayıtması üçün yeganə yoldur.

 


Daşqın Həsənov
Missiya.Az

 



  • 24-07-2025, 15:37