
“Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini regional kontekstdən çıxararaq öz maraqlarına tabe etdirməyə çalışır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan regional tərəfdaşlar - Rusiya, İran və Türkiyənin dəstəyi ilə konstruktiv və qarşılıqlı məqbul həll yollarına can atarkən, Qərb oyunçuları bu prosesə müdaxilə edir və region ölkələrinin maraqlarına məhəl qoymurlar.
"Brüsselin daha bir xeyirxah təşəbbüsü pərdəsi altında sırf siyasi maraqlar gizlənir. Qərb növbəti dəfə siyasi uğurlarını bəyan etmək üçün Bakı ilə İrəvan arasında barışıq prosesini öz tərəfinə çəkmək niyyətindədir. Qərbin hərəkətləri regionda təhlükəsizlik balansının pozulmasına və regional dövlətin özünü təmin etmə prinsipinin pozulmasına gətirib çıxara bilər", - deyə siyasətçi vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Vaşinqtonun regionda nəqliyyat marşrutlarının açılması məsələsinin müzakirəsinə müdaxilə etmək cəhdləri də qeydə alınıb:
“Lakin Moskva əmindir ki, Vaşinqton Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində artıq əldə edilmiş razılaşmalardan kənara çıxacaq təkliflər irəli sürmək iqtidarında deyil. Qərb tərəfinin dağıdıcı təsiri nəticəsində qrupun işi Ermənistan hakimiyyətinin mövqelərində dalana dirənib”, - deyə siyasətçi əlavə edib.
Zaxarova qeyd edib ki, regionda fəaliyyət göstərən nəqliyyat infrastrukturu MDB standartlarına cavab verir.
Daşqın Həsənov
Missiya.Az