AZ   |   RU
Bu gün Hökümə Qurbanovanın doğum günüdür

Görkəmli Azərbaycan kino və teatr aktrisası Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub.


O, romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır. Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi.


Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu. Komediya rollarında (Bənovşə, Xanuma…) səhnəyə çıxan sənətkar Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilib, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırıb.


O, həm romantik faciə, realist faciə, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji, yumorlu dramatik rollarda obrazlar yaradıb.


Aktrisa 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.



Zərintac Mayisqızı
Missiya.Az





  • Dünən, 10:03