
Çexiyanın müxalif parlament siyasi hərəkatları ANO (Narazı Vətəndaşların Aksiyası) və SPD (Azadlıq və Birbaşa Demokratiya) məhkum olunmuş narkotik alverçisindən Ədliyyə Nazirliyi səlahiyyətlilərinin bitkoin alması ilə bağlı qalmaqala görə ölkə hökumətinin istefasını tələb edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə “Irozhlas” xəbər portalı məlumat yayıb.
Qeyd olunur ki, Ədliyyə Nazirliyi tərəfindən 1 milyard kron (təxminən 40 milyon avro) məbləğində bitkoinlərin hədiyyə kimi qəbul edilməsi ilə bağlı halların müzakirəsi müxalifətin təşəbbüsü ilə Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palata) növbədənkənar iclasında gündəmə gətirilib. ANO-nun sədri, keçmiş Baş nazir Andrey Babiş Nazirlər Kabinetini tənqid edib və ölkənin beynəlxalq nüfuzuna zərbə vurduğuna görə Nazirlər Kabinetinin istefa verməsində israrlı olduğunu bildirib.
Qalmaqala görə, Pavel Blajek iyunun 6-da ədliyyə naziri vəzifəsindən istefa verib. Onun yerinə hazırkı Baş nazir Petr Fialanın rəhbərlik etdiyi Vətəndaş Demokratik Partiyasının (ODS) sədr müavini Eva Dekrua təyin olunub. Dekrua zərərli şübhələri aradan qaldırmaq üçün təşkilatda audit aparılacağını elan edib. Fiala da öz növbəsində müxalifətin və bəzi KİV-in nazirlik rəhbərliyinin bitkoinləri pis niyyətlə qəbul etməsi ilə bağlı açıqlamalarını rədd edib.
Bu arada, “Median” sosioloji agentliyinin ODS-nin də daxil olduğu “Spolu” liberal partiyalar koalisiyasına parlament seçkilərində səs verən seçicilər arasında keçirdiyin sorğusu qalmaqal səbəbiylə kabinetə dəstəyin əhəmiyyətli dərəcədə azaldığını göstərib. Respondentlərin təxminən 30 %-i Nazirlər Kabinetinə etimad etmədiklərini bildirib.