
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Bu təsirli misraların müəllifi Azərbaycanın dahi şairi, böyük qələm sahiblərindən biri olub. Çox erkən yaşlarında “Bu gün” şeiri ilə yaradıcılığa başlayan söz ustadının həyatı olduqca ağır yollardan keçib.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
5 iyun - hər misrasında dərin məna yatan Mikayıl Müşfiqin doğum günüdür. O, 1908-ci ildə Bakıda dünyaya göz açıb.
Şairin əsərlərində həm uşaq, həm sevgi, həm də digər mövzulara yer ayırıb. Onun qələminin məhsullarına daxildir: “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün”, “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və s. kimi qiymətli nümunələr...
O, romantik, eşq dolu şeirləri ilə neçə-neçə könüllərə yol tapmağı bacarıb…
Müşfiq repressiya qurbanları dedikdə ilk ağla gələn adlardan biridir. Bəli, 37-ci il repressiyası dostları ilə yanaşı, Mikayıl Müşfiqdən də yan keçmir. Şair xalq arasında narazılıq yaratdığı iddia olunaraq iyunun 3-də həbs edilib.
Onun həbsindən sonra Türkiyədə nəşr olunmuş 14 kitab, 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet və əşyaları müsadirə edilib və oktyabr ayında bütün əşyalar yandırılıb.
1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilib. Yanvar ayının 6-sında şair Nargin adasında güllələnib.
Cismi getsə, də özü, ruhu əbədi olaraq ürəyimizdə yaşayır. Əsərləri, fəaliyyətləri hər zaman xatırlanıb, xatırlanır və xatırlanacaq. Mən onun sənətinin vurğunuyam… Dahi söz ustadı Müşfiqin ruhu şad olsun!
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…
Zərintac Mayisqızı
Missiya.Az