Adnan Əhmədzadənin dünya bazarına çıxarılan Azərbaycan neftini zərərli maddələrlə çirkləndirməsi adi bir cinayət əməli deyil. Bu, Azərbaycan Dövlətinə qarşı iqtisadi terrordur!
Əlbəttə, Adnan Əhmədzadənin bu əməli təkbaşına törətməsi yüngül versiya kimi də düşünülə bilməz. Bu təxribat komanda işidir və ortada olan məlumatların təhlili göstərir ki, Adnan Əhmədzadə və onunla əlbir olanlar xarici kəşfiyyatın diversiya əməliyyatını icra ediblər. Yəni Əmədzadə və hazırda kimlikləri araşdırılan komanda üzvləri Dövlətimizə qarşı xəyanət yolunu tutublar.
Sual oluna bilər ki, bu işdə hansı xarici dövlətin və onun kəşfiyyatının əli var? Əgər nəzərə alsaq ki, Adnan Əhmədzadə son illlər əsasən sanksiyalara məruz qalmış ölkələrin neftini saxta sənədlərlə xaricə daşıyıb, bu halda nəzərlərin Moskvaya yönəlməsi də başadüşülən olar. Dünya mediasında da tez-tez belə xəbərlərə rast gəlinir ki, Rusiya nefti başqa ölkələrə məxsus xammal adı altında xaricə daşınır. Onu da nəzərə alsaq ki, Adnan Əhmədzadənin İran neftini ofşor zonalarda yaratdığı şirkətlər və saxta sertifikatlarla xaricə daşıyaraq satmaq təcrübəsi də var, o zaman eyni qaydada Rusiya neftinin də sanksiyalardan “obxod” etdirməsi barədə fərziyyələrimiz də kifayət qədər inandırıcı görünə bilər.
Sözsüz, Əhmədzadənin sanksiyalar altında inləyən və Azərbaycanın enerji sahəsindəki uğurlarını, Avropa üçün etibarlı tərəfdaş imicini həzm edə bilməyən Rusiyanın neftini saxta sertifikatlarla Avropa bazarına çıxarması barədə tutarlı məlumatlar da kifayət qədərdi. Əhmədzadə o adamdır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan ağlasığmaz neft maxinasiyaları ilə məşğul olub və təbii ki, ağlasığmaz miqdarda da qazanc əldə edib.
Görünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Rusiya kəşfiyyatını Adnan Əhmədzadəni diversant kimi yetişdirməyə həvəsləndirib və onun da boyun əyməkdən başqa yolu qalmayıb.
Odur ki, əminliklə deyə bilərik: Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribatda və xüsusilə külli-miqdarda mənimsəmə əməllərində ittiham olunan Adnan Əhmədzadənin cəzası da əməllərinə adekvat olacaq.
Yeri gəlmişkən, Rusiya mətbuatı Adnan Əhmədzadənin həbsi ilə bağlı bir kəlmə də yazmayıb.
Nicat Dağlar
Missiya.Az