AZ   |   RU
Naxçıvanda taxıl biçininə başlanılır

 Naxçıvan Muxtar Respublikasında iyunun əvvəlində start veriləcək taxıl biçininin mütəşəkkil həyata keçirilməsi məqsədi ilə yerli Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargahın ilk iclası keçirilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, yeni təyin olunmuş nazir Rafail Quliyevin sədrliyi ilə keçirilən iclasda nazirliyin tabeli qurumlarının, habelə Fövqəladə Hallar Nazirliyi və Dövlət Statistika Komitəsinin məsul şəxsləri iştirak ediblər.


R.Quliyev qeyd edib ki, qərargah taxıl biçininin vaxtında həyata keçirilməsi, itkisiz yığılaraq anbarlara daşınması, həmçinin biçindən sonra tələb olunan aqrotexniki tədbirlərin görülməsini təmin etmək məqsədilə yaradılıb.


Qərargahın rəhbəri, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov bildirib ki, bu il Naxçıvanda ümumilikdə 17 581 hektar sahədə taxıl əkinləri həyata keçirilib ki, bunun da 16 946,5 hektarını payızlıq, 634,5 hektarını isə yazlıq əkinlər təşkil edir. Aparılan əkinlərin 8 275,6 hektarı buğda, 9 305,7 hektarı isə arpa əkinləridir.


Taxıl biçininə muxtar respublika üzrə 77 ədəd saz vəziyyətdə taxılbiçən kombaynlar cəlb ediləcəyini deyən M.Zeynalov kombaynların 64 ədədinin fiziki şəxslərdə, 4 ədədinin Nazirliyin “Naxçıvan Toxumçuluq” MMC-nin balansında, 9 ədədinin isə “Naxçıvan Aqroservis” ASC-nin balansında olduğunu qeyd edib, həmçinin “Naxçıvan Aqroservis”in biçin qiymətinin ötən il olduğu kimi bu il də bir hektar üçün 50 manat müəyyən edildiyini nəzərə çatdırıb.




  • 29-05-2025, 15:46