
Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyəti və Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi Lefke Avropa Universiteti ilə birlikdə “Ulu Öndər Heydər Əliyev: Keçmişdən Gələcəyə Liderlik və Vizyon” adlı beynəlxalq konfrans keçirəcək.
Missiya.Az xəbər verir ki, hər il ŞKTR-da Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq və nümunəvi həyat yolunun xüsusilə tələbələrə aşılanması məqsədi ilə təşkil olunan konfransa bu il 500 universitet tələbəsi dəvət edilib.
9 May, 2025-ci il tarixində Lefe Avropa Universiteti Hüquq Fakültəsi Konqres Mərkəzində baş tutması planlaşdırılan tədbirdə Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövürdə həyata keçirdiyi mühüm fəaliyyətlərə işıq tutulacaq. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri (AKDC) Orxan Həsənoğlu deyib ki, AKDC olaraq fəaliyyətə başladığımız 2012-ci ildən etibarən hər il Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq məqsədi ilə müxtəlif tədbirlər keçiririk: "Bu il keçdiyimiz illərdən fərqli olaraq daha geniş bir auditoriya nəzərdə tutmuşuq. Belə ki, Kiprdə təhsil alan yerli və əcnəbi tələbələrin iştrak edəcəyi geniş bir tədbir təşkil etmişik. Məqsədimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi müstəqillik öncəsi və sonrası dövrü təbliğ etməkdir”.
Orxan Həsənoğlu həmçinin vurğulayıb: “Ümummilli liderin uzaq görənliyi, siyasi vizyonu həm ölkəmizin tanıdılması sahəsində, həm də gənclərin öz gələcəklərini formalaşdırması baxımından mühüm tarixi faktlardır. Bu gün ölkəmizə rəhbərlik edən cənab İlham Əliyevin apardığı yerli və beynəlxalq uğurlu siyasətin təməlində də Heydər Əliyevin strateji hədəfinin izləri var”.
Cəmiyyət sədri vurğulayıb ki, beynəlxalq konfransa ölkəmizdən millət vəkilləri Vüqar Rəhimzadə və Razi Nurullayev qatılacaq və çıxış edəcəklər. O cümlədən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, ŞKTR parlamentinin sədri Ziya Öztürklər, ŞKTR Nəqliyat, Rabitə və İctimai İşlər naziri Prof.Dr. Ərhan Arıqlı, Lefke Avropa Universitetinin rektoru Professor Məhməd Əli Yüksələn və.s ziyalılar nitq söyləyəcəklər.
Zərintac Mayisqızı
Missiya.Az