AZ   |   RU
“İranın Aİ-3 ölkələri ilə məsləhətləşmələri baş tutmayacaq” - Fransa XİN rəhbəri

“Tehran və Vaşinqton arasında nüvə proqramı üzrə danışıqlardan əvvəl mayın 2-də baş tutmalı olan İran və Aİ-3 ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) iştirakı ilə məsləhətləşmələr baş tutmayacaq”.


Missiya.Az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Presse” agentliyinə müsahibəsi zamanı məlumat verib.


"Yüksək səviyyəli ABŞ-İran görüşündən əvvəl planlaşdırılan texniki görüş keçirilməli idi. Bu danışıqlar baş tutmayacağından, texniki görüş ən azı indilik aktuallığını itirib", - deyə siyasətçi vurğulayıb.


Barrot danışıqların nəticəsiz qalacağı təqdirdə Aİ-nin İrana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib:


"Əgər bir neçə həftə ərzində İranla onun nüvə proqramının görünən, yoxlanıla bilən və etibarlı şəkildə ləğvi ilə bağlı razılaşmamız olmasa, biz avropalılar 10 il əvvəl razılaşma əldə edilən zaman ləğv etdiyimiz sanksiyaları yenidən tətbiq edəcəyik", - deyə siyasətçi əlavə edib.


Onun sözlərinə görə, ABŞ İran məsələsi üzrə danışıqların qrafikini Avropa tərəfi ilə razılaşdırır. 


Qeyd edək ki, ABŞ və İran arasında mayın 3-də Romada keçirilməsi planlaşdırılan danışıqların dördüncü raundu təxirə salınıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 11:40