AZ   |   RU
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir

70-ci illərin ortalarında SSRİ-nin qəbul etdiyi Konstitusiyadan sonra tərkibində olan dövlətlərin milli dillərinin sıxışdırılması daha da gücləndi. Həmin dövrdə ana dili məsələsini gündəmə gətirmək olduqca riskli idi. Hətta 30-cu illərdə milli dil məsələsini açanlar Sibirə sürgün olunurdular. Bütün bu maneələrə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsinində öz mövqeyini bildirmişdir.


Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan SSR Konstitusiyasına 1978-ci il 27 aprel tarixində “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”maddəsi əlavə olunmuşdur.


Ulu Öndər Heydər Əliyev 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edərkən onun təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif edilmişdir: ”Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir.” Bu, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında etdiyi ən böyük tarixi xidmətlərdən biridir.


Hər bir xalqın varlığını dil təmin etdiyi kimi, Azərbaycan dili də onun xalqının varlığının ən əsas amillərindən biridir. Ana dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir.


Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bununla o, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi.


1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülərkən Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.


Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.


Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.


2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının  Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.


Yeganə Paşayeva

Xıdalan şəhər 7 nömrəli tam orta məktəbin direktoru



  • Bu gün, 10:37