AZ   |   RU
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür


"Burada doğulmuşam, burada yaşayıram. Ona görə müharibənin axırına kimi bu torpağı qoruyacam".

Bu sözlər hər birimizin qəlbinə, yaddaşına əbədi həkk olunub. Onu yaxşı tanıyırsınız, ölümün gözünə dik baxan bu mərd oğulu. Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunoviç Aqarunov...

25 aprel Vətəninə böyük məhəbbət bəsləyən qəhrəmanımızın doğum günüdür. Əslən dağ yəhudisi olan Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində dünyaya göz açıb. Ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər.

İgidimiz 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət edib, sonra Suraxanıya işləməyə qayıdıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü cəbhəyə gedib, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşub. Vətənin mərd, cəsur oğlu sonradan tank komandiri kimi Şuşaya yollanıb, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olub. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Albert, müharibənin ilk tank döyüşündə iştirak edib, erməni komandir Qaqik Avşaryanı məğlub edib. Daha sonra Şuşa–Laçın yoluna irəliləyib, döyüş əsnasında tankdan enib, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhadətə yüksəlib.

Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu ada layiq görülən ilk hərbçilərdən olub. O, Azərbaycanın milli qürur simvoluna çevrilib, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. İgidimizin şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəllər qurulub.

Ölümləri ilə ölümsüzlük qazanan, vətən uğrunda canlarını fəda edən Albert daxil olmaqla bütün şəhidlərimizin ruhu şaddır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, suverenlik qazanıb. Doğma torpaqlardan didərgin düşmüş soydaşlarımız indi alnıaçıq, sevincək şəkildə yurdlarına qayıdır. Unutmayaq, haqq - ədalət gec və ya tez hər zaman yerini tapır.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:49