
Gürcüstanda Regional İnkişaf və İnfrastruktur Nazirliyinin iki quruma bölünməsi fonunda nazir İrakli Karseladze tutduğu vəzifədən istefa verib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bir neçə ildir Varketili rayonunun abadlaşdırılmasında fəal iştirak edən sakrebulo (şəhər soveti) deputatı Revaz Soxadze artıq yeni infrastruktur naziri təyin olunub.
Regional İnkişaf Nazirliyinə isə Tiflisin keçmiş mer yardımçısı Kaxa Bekauri rəhbərlik edəcək.
Hökumətin açıqlamasına görə, qurumda islahatların aparılması prosesi təxminən üç aya yaxın vaxt aparacaq. Qeyd olunur ki, mövcud qurumun hüquqi varisinə çevriləcək İnfrastruktur Nazirliyi su təchizatı, qaz təchizatı, avtomobil yollarının tikintisi və inkişafı, tullantıların idarə olunması, internetin inkişafı və digər məsələlərə cavabdeh olacaq.
Regional İnkişaf Nazirliyi isə yüksək dağlıq rayonların inkişafı ilə məşğul olacaq, Regional İnkişaf Fondunu idarə edəcək və Regional İnkişaf və İnfrastruktur Nazirliyinin strukturuna daxil olan digər publik hüquqi şəxslərə nəzarət edəcək.
Həmçinin Gürcüstanın dövlət büdcəsinə yeni departamentlərin maliyyələşdirilməsini müəyyən edəcək düzəlişlər olunacaq.