
Dünən Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində silahlıların təhlükəsizlik qüvvələrini daşıyan avtobus karvanına hücumu nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, hücumda partlayıcı ilə dolu avtomobil olub, kamikadze avtomobili konvoya sürüb. Maşının partlamasından sonra sayı göstərilməyən digər separatçılar avtobusları atıcı silahlardan atəşə tutublar. Ölənlər arasında təhlükəsizlik qüvvələrinin beş əməkdaşı və iki mülki şəxs də var, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Hücuma görə məsuliyyəti Bəlucistan üçün müstəqillik istəyən bir neçə separatçı üsyançı qrupların ən böyüyü olan Bəluc Azadlıq Ordusu öz üzərinə götürüb.
Son zamanlar separatçı fəallığın artdığı qeyd olunub. Elə keçən həftə Bəluc Azadlıq Ordusu yaraqlıları sərnişin qatarını atəşə tutaraq onun 440 sərnişinini girov götürüb, onlardan 50-si edam edilib. Bəlucistan və qonşu Xayber-Paxtunxva əyalətinin yerli hakimiyyət orqanları separatçı yaraqlılar tərəfindən həyata keçirilən hücumların sayını açıqlamasa da, İslamçı “Təhrik-i-Taliban Pakistan” qruplaşması son 24 saat ərzində 16 hücumun həyata keçirildiyini bildirib.
Zərintac Mayisqızı
Missiya.Az