
Yaz fəslinin daxil olmasına az qalıb. Bu fəsil gəlişi ilə təbiətə özünəməxsus gözəlliklər bəxş edir. Hər tərəf yaşıllaşır, bitkilər çiçək açır, havada təravət hiss olunur. Sözügedən mövsümü çoxumuz səbirsizliklə gözləyirik. Lakin əksər şəxslər üçün narahatlıq mənbəyi də ola bilir. Çünki həmin fəsil bərabərində allergik xəstəliklər gətirir. Bahar mövsümündə baş verən bu xəstəliklərin əsas səbəbləri nədir? Bəs necə qorunaq?
Həkim – terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, havalar isindikcə, bitkilər çiçək açmağa başladıqca bitki pollenləri havada geniş şəkildə yayılmağa başlayır:
“Pollen əsasən həssas immun sistemi olan şəxslərdə allergik reaksiyalar yaradır. Yaz allergiyaları allergik rinit, burun axması, qaşınma, burun tıxanması, göz qıcıqlanması, astma tutmaları və dəri üzərində qaşınma kimi simptomlarla geniş yayılıb. Hətta bəzi insanlarda baş ağırsı, halsızlıqla müşahidə edilir”.

Həkim əlavə edib ki, həmin xəstəliklərdən qorunmaq üçün pəncərələri mümkün qədər bağlı saxlamaq, evdə havatəmizləyici cihazlardan istifadə edilməlidir və şəxsi gigiyenaya riayət olunmalıdır:
“Açıq havada vaxt keçirdikdən sonra dərhal duş almaq, paltarı dəyişmək, üz və saçları təmizləyərək pollenləri yumaq gərəklidir. Pollenlərin çox olduğu yerlərdə gözlük və maska taxmaq effektivdir. Bir çox şəxslərdə allergiya əleyhinə preparatlar faydalı olur. Əlbəttə ki, mütəxəssis məsləhəti ilə qəbul edilməlidir. Allergik xəstəliklər daha da şiddətli hal alarsa, həkimə getmək tövsiyə olunur”.
Zərintac Mayisqızı
Missiya.Az