
Bu gün Azərbaycan şairi, publisist Əliqulu Qəmküsarın anım günüdür.
Missiya.Az xəbər verir ki, o, 24 may, 1880-cı ildə Naxçıvanda doğulub.
Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq edib. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazıb. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılıb. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənib. Hələ məktəbdə ikən şeir yazmağa başlayıb, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olub, il yarım orada oxuyub. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedib və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparıb. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edib. Ağır külfətin qayğısı üzərinə düşdüyündən şair dərsə davam edə bilməyib. Təbriz mühiti onun xoşuna gəlməyib.
1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayıb. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazıb. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanıb, sözügedən mövzuda şeirlər çap etdirib. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr olunub.
Zərintac Mayisqızı
Missiya.Az