
Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Maşınlara vurulan yanacağın həcmini müxtəlif üsullarla azaldır, yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoyl” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu, fırıldaqla rastlaşmışam.
Missiya.Az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib.
Onu sözlərinə görə, ya benzini əskik vururlar, ya da pulu əskik qaytarırlar:
“Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir davam edir, eyni pozuntular bu gün də baş verməkdədir”.
Deputat bildirib ki, digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır:
“Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Ona görə ki, benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.