
Emin Ağalarovun ismi bəlkə də bəzilərində “tusovka gənci” epiteti ilə assosiassiya olunur. Yəni Azərbaycan cəmiyyətində oliqarx balasının hansı obrazı varsa, Emini də aşağı- yuxarı həmin obrazda qəbul edənlər var.
Bəli, kifayət qədər zəngin ailədə doğulub, atası böyük biznesə malik ciddi iş adamıdır. Ehtiyacın nə olduğunu bilməyib, “premium” paketinə daxil olan bütün imkanlar Emin üçün həmişə əlçatan olub. Bəlkə də bu kateqoriyaya aid bir uşağın gəncliyini o zaman təsəvvür edənlər şıltaqlıqlarla müşayət olunacaq bir həyat göz önünə gətiriblər. Amma Emin tamam başqa bir yolu seçdi. Atanın qazandıqlarını əyləncələrə, eyş- işrətə xərcləmədi, əksinə, gənc yaşlarından böyük biznes imperiyasının bir parçasına çevrildi və tədricən də həmin imperiyanı gələcəyə daşıyacaq zəka sahibi kimi işlərin başında dayandı. Bəlkə də başqası olsaydı bu qədər varidatla çox az bir müddətdə özünü Moskvanın gözqamaşdıran əyləncə həyatına təslim edə, pis vərdişlərə qurşana və beləliklə də tamamilə məhv olub gedərdi. Azmı olub belələri?..
Emin gənc yaşlarından atasının qurduğu şirkətlərdə fəhlə kimi işləməkdən belə çəkinmədi. Bir sözü ilə ayağına dünyaların sərilə biləcəyi halda, o, addım-addım irəlilədi, ağır işlərin altına çiyin verdi, yeni və unikal layihələr üzərində işləyərək, ümumi işə töhfələr verməyə başladı.
Bu gün artıq dünyaca məşhur iş adamı, nəhəng layihələrin müəllifidir. Onun dəniz kənarında ərsəyə gətirdiyi, tədricən dəniz üzərinə də keçid edən “Sea Breeze” adlı fantastik layihəsi sözsüz ki, təkcə böyük maliyyə yatırımlarının hesabına deyil. Böyük pulları da doğru-düzgün xərcləmək, yəni pulun üstünə pul gətirmək üçün də zəkaya ehtiyac duyulur.
Eminin dərin zəkasının, idarəçilik məharətinin, yüksək intellektinin, yeni çağırışlara cavab verən ideyalarının nəticəsidir ki, Xəzərin sahilində yeni və “5 ulduzlu” şəhər yaranır. Bu həm də minlərlə yeni iş yerləri, sahibkarlara əlavə və bənzərsiz gəlir platforması deməkdir. Emin həm də ona görə uğurludur ki, o, öz işinin həm rəhbəridir, həm də fəhləsi. Sosial şəbəkələrdə yəqin ki, tez-tez görürsüz, Emin hər gün öz işinin başında, fəhlələrin yanındadır. Onun məşhur “obxod” videolarından da göründüyü kimi, sözügedən meqa layihənin rəhbəri olan şəxs hər gün əlində bel torpaqla əlləşir, traktorun belində yeni tikilinin təməlinin qoyulması prosesində iştirak edir, istifadəyə hazır olan binalara baxış keçirərək, ən xırda elementlərə belə diqqət yönəldir.
Diqqətçəkən həm də odur ki, Emin bütün bu işləri video formatda, müasir dildə desək, layfxaklar, podkastlarla şəxsən təqdim edir. Yəni onun bütün işləri konseptualdır. Həm məharətlə yaradır, həm də ustalıqla nümayiş etdirir. Burada yaradıcı adamın yanaşması da öz sözünü deyir. Emin həm də musiqişidir, bəstəkardır, yəni yaradıcıdır. Bu keyfiyyəti də ona layihələrini zövqlə ərsəyə gətirməyə imkan verir.
“SEA BREEZE” doğrudan da heyrətamiz bir layihədir və Eminin sayəsində dünyada “davay sbejim v Baku” , “gəl Bakıya qaçaq” deyənlərin sayı günbəgün artır.
Nicat Dağlar
Missiya.Az