![](/uploads/posts/2025-02/2025-01-15-18-06-03oj9gxrlgau3extacxlrs_file.jpg)
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınlarından zərərçəkənlərə sığorta ödənişləri sığortaçılara təxminən 40 milyard dollara başa gələcək.
Missiya.Az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Meşə yanğınları nəticəsində ümumi iqtisadi zərər 250 milyard dollardan çoxdur.
Ekspertlər qeyd edirlər ki, dəymiş zərərin ödənilməsi Kaliforniya ştatının sığorta sektorunun üzləşdiyi böhran fonunda baş verir. Burada hələ təbii fəlakətdən əvvəl "istehlakçıların hüquqlarının müdafiəsi qaydalarının sərtləşdirilməsi və tez-tez təbii fəlakətlərin baş verməsi səbəbindən" sığortaçılar tərəfindən göstərilən xidmətlərin həcmində azalma qeydə alınıb. ABŞ-nin ən böyük sığorta şirkətlərindən biri olan “American International Group” üç il əvvəl Kaliforniyada ev sahiblərinin əksəriyyətinə yeni polislər təklif etməyi dayandırıb. Sığorta agentləri bildirirlər ki, Kaliforniyada istehlakçıların hüquqlarının müdafiəsi haqqında qüvvədə olan qanun ştatda kifayət qədər mənfəət əldə etməyə imkan vermir. “Howden Insurance” şirkətinin məlumatına görə, 2019-2023-cü illər ərzində ştatda tanınmış şirkətlər tərəfindən verilən sığorta polislərinin sayı 340 min azalıb. Kaliforniyanın ən böyük özəl sığorta şirkəti olan “State Farm” yanvar ayında baş vermiş yanğınlarla bağlı xərcləri kompensasiya etməyə kömək etmək üçün ştatın sığorta tənzimləyicisinin tarifi 22 % artırmasına müvəffəq olmağa çalışır.
Zərintac Mayisqızı
Missiya.Az