AZ   |   RU
Azərbaycanda Gənclər Günüdür

Fevralın 2-si Azərbaycan Gəncləri Günüdür.


Missiya.Az xatırladır ki, əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 


Belə ki, ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.


1997-ci ildən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bununla da Azərbaycan, bir çox sahələrdə olduğu kimi, burada da bir çox ölkələri qabaqlayıb. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra - 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub. Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər. Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün öz təsdiqini tapır.


Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur.


Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub. 


Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub.


Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.



  • Bu gün, 10:12