AZ   |   RU
Paşinyana tabe olmayan dağıdılmış ordunu "diriltmək" cəhdi - Təlimlərin arxasında hansı maraqlar dayanır?

Erməni mediası, regiondakı maraqlarını təmin etmək məqsədilə Rusiyanın Ermənistan ordusunu yenidən qurmaq niyyətindən yazır.

Missiya.Az
xəbər verir ki, “hayeli.am” saytında dərc olunan yazıda rəsmi İrəvanın ordu ilə maraqlanmadığını, Rusiyanın Ermənistanı ordusunu öz məqsədləri üçün yenidən qurmaq istədiyi barədə məqamlar yer alıb.

Ermənistan mediasının məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutunyanla son telefon danışığında onu danlayıb və ordunu dağılmağa qoymayacağını deyib.

Şoyqu Arutunyana deyib ki, baş nazir Nikol Paşinyanın silahlı qüvvələrlə bağlı sərgilədiyi mövqe Qərbin sifarişidir. Rusiyanın müdafiə naziri Ermənistan ordusunun Moskva üçün böyük strateji əhəmiyyətə malik olduğunu deyib.

Müəllif Silk Şalunts rəsmi Moskvanın Ermənistan ordusunun taleyindən Paşinyandan da çox narahat olduğunu qeyd edib.

Sitat: “Ermənistan hakimiyyəti başqa məsələlərlə maraqlanır. Şoyqu, Ermənistan ordusu ilə Arutyunyan və Paşinyandan daha çox maraqlanır. Müharibə bitdikdən 4 ay sonra orduda baş verənlər Ermənistan strateji müttəfiqini narahat etməyə bilməz”, - sitatın sonu. 

Qeyd edək ki, Ermənistanın dağılmış və xaosla üz-üzə olan “ordusunun” hərbi təlimlər keçirəcəyi barədə xəbərlər yayılıb. Məlumata görə, təlimlər 16-20 mart tarixlərində keçiriləcək. Məqsəd hərbçilərin mümkün müharibəyə hazır olub-olmadığını yoxlamaqdır. Təlimlərə 7500 hərbçinin cəlb ediləcəyi açıqlanıb.

Məlumdur ki, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan ordusu həm hərbi texnikasının, həm də şəxsi heyətinin böyük hissəsini itirib. Məlumata görə, müharibə zamanı Ermənistan ordusunun 3.8 milyard dollarlıq silahı məhv edilib, 7-8 min arası hərbi qulluqçusu öldürülüb.

Digər tərəfdən, Ermənistan ordusu ilə hökumət arasında ciddi böhran yaşanır. Təlimlərin keçirilməsinə birbaşa rəhbərlik edən Baş Qərargah Silahlı Qüvvələrin ali baş komandanı Nikol Paşinyana tabe olmaqdan boyun qaçırır. Yüksək çinli zabitlər bu gün də baş nazirin istefasını tələb edirlər. Hazırda ordunun həm idarəçiliyində, həm də təchizatında ciddi problemlər mövcuddur. Ümumilikdə ordunun müdafiə qabiliyyəti sıfırdır. Çağırışçıların orduya cəlb olunması işində də ciddi asxamalar var. Gənclər ordu sıralarında xidmətdən boyun qaçırır, hərbi hissələri özbaşına tərketmə - fərarilik halları durmadan artır. Belə bir məqamda ordunun sınıq-salxaq silahlarla təlim keçirməsi hansı qüvvənin marağında ola bilər? Əgər Paşinyan və Arutunyan ordu ilə maraqlanmırsa, bəs bu təlimlərin əsas təşkilatçısı kimdir? Ola bilsin ki, Ermənistan ordusunu diriltməyə çalışan xarici qüvvələr təlimlərin keçirilməsində maraqlıdır. Məsələn, yuxarıda da qeyd olunduğu kimi, Rusiya hakimiyyəti özünün regiondakı maraqlarını qorumaq üçün Ermənistan ordusunu yenidən qurmaq istəyir. Sanki göstərmək istəyirlər ki, Ermənistan ordusu “ayaqdadır”. 

Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan Ordusunun təlimlər keçirəcəyi ilə bağlı məlumatlar yaydıqdan sonra analoji addım atacağını elan etdi. Rəsmi məlumata görə, Azərbaycan Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Elvin
Missiya.Az


  • 12-03-2021, 16:39