Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın zənginləşdirilmiş uranın istehsal gücünü 60%-ə çatdırmaq istiqamətində atdığı addımları qətiyyətlə pisləyib və nüvə eskalasiyasına dərhal son qoymağa çağırıblar.
Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Biz, Almaniya, Fransa və Böyük Britaniya hökumətləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İranın Fordo yeraltı qurğusunda zənginləşdirilmiş uranın istehsalını əhəmiyyətli dərəcədə artırmaq məqsədi ilə nüvə proqramını daha da genişləndirmək üçün atdığı son addımları pisləyirik", - Almaniya XİN-in məlumatında bildirilir.
Bundan əlavə, ölkələr İranın fəaliyyət göstərən sentrifuqaların sayını artırmasından və uranın zənginləşdirilməsi üçün əlavə infrastruktur qurmağa hazırlaşmasından narahatdırlar.
"Biz İranı bu addımlardan əl çəkməyə və nüvə eskalasiyasını dərhal dayandırmağa çağırırıq", - Almaniya XİN vurğulayıb.