Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
Missiya.Az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı əməkdaşlığın qurulması istiqamətində səfirin öz səylərini əsirgəməyəcəyinə, bu baxımdan onun Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.
Səfir ilk növbədə COP29-da ölkəsinin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib. O vurğulayıb ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadordan Azərbaycana səfərə gəlmiş nümayəndə heyətinə dərin təəsürat bağışlayıb.
Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrike Haime Kalderon müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur, nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının müəyyən edilməsinin önəminə toxunub.
Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib.
Dövlətimizin başçısı əlaqələrimizin irəli aparılması üçün ilk növbədə adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox məlumatlanmalarının vacibliyinə toxunub.
Söhbət zamanı Azərbaycanla El-Salvador arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.