
Azərbaycan Mətbuat Şurasında(MŞ) qurumun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib.
Missiya.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid deyib ki, Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib:
"Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli də vurğulayıb ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartlara uyğun formada hazırlanıb.
Toplantıda media rəhbərləri və jurnalistlər də fikir mübadiləsi aparıblar. Sözügedən tədbirin çox əhəmiyyətli, xüsusilə etibarlı mənbə baxımından gərəkli olduğunu və davam etdirilməsini söyləyiblər. Eyni zamanda, yeni təkliflər irəli sürüblər. Yeniliklər yarandıqca media landşaftının kateqoriyalarının yenilənməli olduğunu ifadə ediblər.
Qeyd edək ki, layihə çərçivəsində MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landşaftı" adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə "Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycan aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyalarını, habelə layihə çərçivəsində görülən işlərin tamamlandığını və yekunlaşdığını ehtiva edir.

Zərintac Mayisqızı
Missiya.Az